22 İyul 2019 17:16
1 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan milli mətbuat tarixi dediyimizdə ilk yadımıza düşən İsmayıl bəy Qaspıralı, Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşının birlikdə çəkdirdikləri məşhur fotoşəkildir. Bu üç şəxs Çar Rusiyasında yaşayan türklərin səslərinin eşidilməsində əvəzsiz xidmətləri olan ziyalılardır.

Azərbaycan Cümhuriyyəti dönəminin mətbuatı dedikdə ilk yada düşən fotoşəkil isə M.Rəsulzadənin mərkəzdə əyləşdiyi “Azərbaycan” qəzetinin redaksiya heyətinin təsviridir. Xoşbəxtik ki, həmin fotoşəkildən orijinal bir nüsxə şəxsi arxivimizdə yer alır və oradakı şəxsləri professor Ədalət Tahirzadə bu şəkildə müəyyənləşdirib:
“Azərbaycan” qəzetinin redaksiya işçiləri və yazarları.

Soldan sağa. Öndə oturanlar: Piri Mürsəlzadə, Rəhim ağa Vəkilov.
Orta cərgədə: Hənəfi Zeynallı, Rübabə xanım Tağızadə (Parlamanda idarə qulluqçusu), Şəfiqə xanım Əfəndizadə, Məhəmmədəmin Rəsulzadə, Səhra xanım Paşazadə (Parlamanda idarə qulluqçusu), Üzeyir bəy Hacıbəyli, Mustafa ağa Vəkilov.

Ayaq üstə duranlar: Əbdül Əbdülzadə, Mirzə Hadi Atlasov, Hacıibrahim Qasımov, Məhəmmədəli Sidqi Səfərov, Şəfi bəy Rüstəmbəyli, Seyid Hüseyn Sadiq, Xəlil ibrahim, Qədir Heydərov, Əli Yusifzadə, Məhəmməd Hadi Əbdüssəlimzadə.

1919-cu il

***

Azərbaycan Cümhuriyyəti dönəmində ölkədə türkcə, rusca, ermənicə və başqa dillərdə ən müxtəlif siyasi-ictimai istiqamətli mətbuat orqanları nəşr olunub. Cümhuriyyət ümumən mətbuat sahəsində o dövr üçün nadir sayıla biləcək bir sıra önəmli tədbirlər gerçəkləşdirib. Onların içərisində ən mühümü 9 noyabr 1918-ci ildən hökumətin göstərişi ilə mətbuatda senzuranın ləğv edilməsidir. Ümumiyyətlə, Cümhuriyyətdə mətbuata münasibət “Mətbuat haqqında Nizamnamə” ilə tənzimlənirdi. Parlamentin 30 oktyabr 1919-cu ildə qəbul etdiyi bu sənədə əsasən, mətbəə açmaq, çap məhsullarını nəşr etmək və satmaq üçün hökumətin heç bir icazəsi tələb edilmirdi. Yetkinlik yaşına çatmış hər bir vətəndaş mətbu nəşrin məsul redaktoru ola bilərdi. Mətbəə açmaq və ya mətbu nəşr buraxmaq istəyənlər mətbuat işləri üzrə baş müfəttişə bu barədə müəyyən edilmiş formada ərizə verməli idilər. Nizamnamənin bir sıra maddələrini pozmaqda təqsirli bilinən naşir, mətbəə sahibi və redaktor pulla cərimə ödəməli və ya həbs cəzasına məhkum edilməli idi.

Yuxarıda bəhs etdiyimiz “Azərbaycan” qəzeti hökumətin rəsmi orqanı idi, türk və rus dillərində nəşr olunub. Qəzetin ilk nömrəsi 1918-ci il sentyabrın 15-də Gəncə valiliyinin mətbəəsində çap edilib. Dörd səhifədən ibarət olan bu nömrənin iki səhifəsi türk, iki səhifəsi isə rus dilində buraxılıb. Gəncədə buraxılan axırıncı (dördüncü) nömrənin üç səhifəsi rus, bir səhifəsi isə türk dilində idi. Qəzetin birinci nömrəsində Bakının azad edilməsi ilə bağlı xəbərlər daha çox diqqəti cəlb edir: “Dünən gecə Azərbaycan Cümhuriyyəti Hökuməti adına Qafqaz İslam Ordusunun komandanı Nuru paşa həzrətləri tərəfindən belə bir teleqram gəlmişdir: "Bismillahir rəhmanir rəhim! Bakı şəhəri 15.09.18, saat 9-a işləmiş igid ordu hissələrimiz tərəfindən zəbt olundu. Qafqaz, İslam Ordusunun komandanı Fərrux Nuri”.

“Azərbaycan” qəzetinin həmin nömrəsində Azərbaycan Cümhuriyyəti Hökumətinin sədri Fətəli xan Xoyskinin adından Nuru paşaya cavab teleqramı da dərc olunub: “Qafqaz İslam Ordusunun komandanı səadətli Nuru paşa həzrətlərinə. Təhti-komandanızda olan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşmənlərdən xilas edilməsi münasibətilə millətin zati-həmiyyət-pərvəranələrinə və dünyanın ən nəcib əsgəri olan türk oğullarına minnətdar olduğumu ərz etməklə iftixar edirəm, əfəndim. Heyəti-vükəla rəisi Fətəli xan”.

“Azərbaycan” qəzetinin Bakıda türk dilində nəşr olunmuş beşinci nömrəsi 1918-ci il oktyabrın 3-də, rus dilində isə oktyabrın 7-də buraxılıb. Bu nömrədən etibarən qəzetin adı altında “Gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzetəsidir” sözləri yazılmağa başlamışdır.

“Azərbaycan” qəzetinin 1918-ci il sentyabrın 15-dən 1919-cu il dekabrın 31-nə qədər 358 nömrəsi, 1920-ci il yanvarın 1-dən aprelin 28-nə qədər isə 85 nömrəsi çap olunub. Bütövlükdə 1918-1920-ci illər arasında qəzetin cəmi 443 nömrəsi çıxıb.

“Azərbaycan” qəzetinin redaktorları Üzeyir bəy Hacıbəyli, Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli kimi şəxsiyyətlər olub. Bu qəzet Azərbaycan Cümhuriyyəti tarixinin ən önəmli qaynağı olsa da, təəssüf ki, hələ də ərəb qrafikasından latın əlifbasına köçürülməyib. Ümid edirik ki, mətbuatımızın 150-ci ildönümünədək bu əksikliyimiz aradan qalxar.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər