11 Sentyabr 2014 11:51
4 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunvericilik olsa da, xüsusi infrastruktur yoxdur

Milli Məclisin payız sessiyasında sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı qanunvericiliyə bəzi əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təşəbbüs irəli sürüləcək. Bu barədə Milli Məclisdən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı ayrıca qanun var. Ancaq təhsil ocaqlarında belə uşaqların təhsil alması üçün xüsusi infrastruktur yoxdur. Yəni sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəblərin pilləkənlərində xüsusi şərait, siniflərdə, auditoriyalarda xüsusi oturacaqlar mövcud deyil. Bu baxımdan da qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsinə ehtiyac var. Bunu nəzərə alaraq, parlamentin payız sessiyasında müəyyən təşəbbüslər qaldırılacaq.

Ölkədə autizmli, nevroloji və digər fiziki və əqli inkişafdan geri qalmış uşaqların sayının gündən-günə çoxaldığını nəzərə alsaq, onlar üçün təhsil müəssisələrinə də ehtiyac yarandığını görmüş olarıq.
Binəqədi rayon sakini Rahim Əliyev deyir ki, uşağı autizmdən əziyyət çəkir və o uşağını evinin yaxınlığında yerləşən 177 saylı uşaq bağçasına qoymaq istəsə də, müdiriyyət qəbul etməyib: “Dedilər, uşaq danışa bilmir, gərək əvvəlcə loqoped məşğul olsun onunla. Mən də bağçanın loqopedinə müraciət etsəm də, uşaqların sayının çox olduğundan məşğul ola bilməyəcəyini dedi. Dövlət müəssisələrində yerlər doludur, özəllər isə çox bahadır, maddi vəziyyətimə uyğun deyil”.

Oxşar problemlə üz-üzə qalanların sayı çoxdur və ümid qalır sağlamlıq imkanları məhdud uşaqların bütün təhsil pillələri üzrə digər uşaqlarla birgə keyfiyyətli təhsilə (inkluziv təhsilə) cəlb olunması üçün UNİCEF-in texniki dəstəyi ilə “2013-2020-cu illərdə Azərbaycan Respublikasında İnkluziv Təhsilin İnkişafı üzrə Dövlət Proqramı”na. Hazırda proqramın nə yerdə olması ilə maraqlandıq. Təhsil Nazirliyindən bildirdilər ki, proqram hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Dövlət Proqramının təsdiq olunub reallaşacağı təqdirdə sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkili ilə bağlı problemlərin həll olunacağı gözlənilir.

“Bu tələbələrə əlavə təqaüd verilməlidir”

Milli Məclisin sosial-siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev deyir ki, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna görə, sağlamlığı məhdud uşaqlar normal uşaqlarla birgə həm orta məktəblər, həm də universitetlərdə təhsil ala bilər: “Onların ali məktəblərə qəbulu və təhsilində tək meyar bilikdir. Onlar tələb olunan balı toplayırlarsa, ali məktəbə qəbul olunurlar. Onun sözlərinə görə, belə gənclər universitetlərə qəbul olunurlarsa, universitet rəhbərliyi onlara müvafiq şərait yaratmalıdır. Məsələn, əgər həmin tələbə əlil arabasındadırsa, universitetin giriş-çıxışında, zallara, dərs otaqlarına giriş-çıxışı üçün şərait yaratmalıdır. Yataqxanada təmin olunması həyata keçirilməlidir. Əlil uşaqlar oxuyub təhsil alırlarsa, onlara müəyyən qədər üstünlük verilməlidir. Həmçinin bu cür tələbələrə əlavə təqaüd ayrılmalıdır”.

Reallıq isə başqa cürdür. Rəsmi statistikaya görə, Azərbaycanda 60 minə yaxın əlilliyi olan uşaq var. Onun 12 minə yaxını təhsilə cəlb olunur, qalanlar isə kənarda qalır. Əlilliyi olan uşaqların böyük bir hissəsinin yaş həddi məktəbəqədər yaş dövrünü əhatə edir. Lakin sağlamlıq imkanları məhdud uşaqların çoxu yaşıdları ilə birlikdə təhsildən yararlana bilmir və bu da onların savadlanmasının, elmə, biliyə yiyələnməsinin qarşısını alır.

Xarici təcrübədən yararlanmalıyıq

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının əməkdaşı Rəna Həsənova deyir ki, problemdən çıxış yolu kimi xarici təcrübəni ölkədə tətbiqi lazımdır. O, buna əlil insanın doğulduğu gündən başlamağı vacib sayır: “Avropada uşaq anadan əlil doğulubsa, artıq doğum evindən müvafiq qurumlara məlumat verilir və 3 yaşına qədər ailələrə sosial işçilər cəlb olunur. Onlar uşağın valideynləri ilə söhbət aparır, onlarla nə etmək, necə işləmək, övladlarının hansı bacarıqlarını inkişaf etdirmək lazım olduğu haqqında məlumat verir. Üç yaşına qədər uşağın tədrisi ev şəraitində aparılır. 3 yaşından 6 yaşına qədər olanlar uşaq bağçalarına göndərilir, 6 yaşından 18 yaşına qədər olanlar məktəblərə göndərilir, sonra ali təhsil, daha sonra iş yerlərinə ezam edilir. Əgər uşağın təhsili qavrama səviyyəsi aşağıdırsa, bu zaman o, hansısa texniki peşəyə yiyələnir. Düşünürəm ki, fiziki qüsurlu uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək üçün bunları Azərbaycanda da tətbiq etmək mümkündür və lazımdır”.

Ekspertin sözlərinə görə, əlil vətəndaşların təhsil almaması onların gələcək həyatında böyük fəsadlar yaradır: “Əlil övladı olan hər bir ailə bilməlidir ki, uşaqların kiçik yaşlarından təhsil almaları olduqca vacib məsələdir. Çünki, uşaq təhsil ala bilməyərək cəmiyyətdən kənarda qalır və gələcəkdə ailə üçün yük olur və özünü cəmiyyətə yararsız insan kimi hiss edir. Bundan əlavə, əlillərin əmək fəaliyyəti ilə məşğul olmamaları cəmiyyətdə sosial yükün ağırlaşmasına gətirib çıxarır. Amma onlar peşə təhsili alsalar, lap kiçik yaşlarından əmək fəaliyyətinə cəlb olunsalar, cəmiyyətə faydalı insan olarlar və yükə çevrilməzlər. Təcrübələr də göstərir ki, təhsili olan fiziki qüsurlu insanın digər insanlardan heç bir fərqi yoxdur, sadəcə, onları düzgün yönləndirmək lazımdır”.

Nazirlik yardım edib

Yeri gəlmişkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də 15 sentyabr - Bilik günü ərəfəsində sağlamlıq imkanları məhdud iki və daha artıq məktəbli üzvü olan ailələrə maddi yardım ayırıb. Nazirlikdən aldığımız məlumata görə, “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” çərçivəsində həyata keçirilən tədbir ümumilikdə 1535 ailə üzrə 3200 nəfər sağlamlıq imkanları məhdud məktəbli uşağı əhatə edir. Bununla əlaqədar ayrılmış vəsaitin aidiyyəti üzrə rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən qeyd olunan şəxslərin müavinət üzrə müvafiq bank hesablarına köçürülməsinə başlanıb.

Məlumat üçün bildirək ki, həmin ailələrdən 1411-i tərkibində 2, 118-i tərkibində 3, 6-ı isə tərkibində 4 nəfər sağlamlıq imkanları məhdud olan məktəbli uşaqları olanlardır.

Naibə

QEYD: “Gündəlik Teleqraf” MMC-yə daxil olmayan media qurumlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda, məhkəməyə müracət edəcəyik.


Müəllif: