Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramında çadırtipli heyvan kəsimi məntəqələrini istifadəyə verəcək.
Bu barədə AQTA-nın Mətbuat katibi Aysel Fərziyeva məlumat verib.
Onun sözlərinə görə, Qurban bayramı günlərində heyvanların kəsimi və satışı adi günlər ilə müqayisədə kütləvi şəkildə həyata keçirilir: "Proses bəzi hallarda kəsim üçün nəzərdə tutulan yerlərdən kənarda baş verir ki, bu da təhlükəli xəstəliklərin qarşısının alınmasına, qanunvericiliklə müəyyən edilmiş qaydada ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizasının aparılmasına, eyni zamanda nəqliyyatın və əhalinin rahat hərəkətinə maneələr yaradır. Bütün bunları nəzərə alaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bayram günlərində ölkə ərazisində qurbanlıq heyvanların kəsiminin baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində aparılması həyata keçiriləcək”.
O qeyd edib ki, bu məqsədlə bayram günlərində 44 stasionar heyvan kəsimi məntəqəsi və 30 çadırtipli kəsim yeri lazımi avadanlıqlar ilə təmin edilərək, vətəndaşların ixtiyarına veriləcək: "Paytaxtda və müxtəlif bölgələrdə qurulması nəzərdə tutulan çadırtipli kəsim məntəqələri 3 hissədən ibarət olacaq. Birinci hissədə heyvanın kəsimi, ikinci hissədə soyulması, üçüncü hissədə isə doğranması prosesi tamamilə sanitariya-gigiyena tələblərinə uyğun həyata keçiriləcək. Sözügedən kəsim yerlərində ətin baytarlıq-sanitariya ekspertizasının aparılması məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları vətəndaşlara ödənişsiz xidmət göstərəcək.
Çadırtipli kəsim məntəqələri dezinfeksiya oluna bilən, tozun qarşısını alan xüsusi materialdan hazırlanıb. Məntəqənin daxili döşəməsi də xüsusi materialdan hazırlanıb və drenaj sistemi ilə təmin edilib. Bu da kəsim zamanı heyvanın qanı və digər axıntıların kanalizasiya vasitəsilə kənarlaşdırılmasına, nəticədə ətraf ərazilərin çirklənməsinin qarşısının alınmasına imkan verəcək. Çadırtipli kəsim məntəqələri heyvanın kəsilməsi, soyulması və doğranmasına qədər bütün prosesi həyata keçirmək üçün paslanmayan metallardan hazırlanan, gigiyenik tələblərə uyğun lazımı avadanlıqlarla təchiz edilib. Çadırın yaxınlığında heyvanın dərisi və digər tullantıların daşınması üçün nəzərdə tutulan xüsusi konteynerlər qoyulacaq və həmin tullantılar ərazidən daşınacaq. Prosesə nəzarəti Agentliyin, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirəcək”.
Qeyd edək ki, Azərbaycanda Qurban bayramı avqustun 12-si və 13-də qeyd ediləcək.