Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən Dövlət Sərhəd Xidməti (DSX) dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan Respublikası sektorunda təhdidlərə qarşı effektiv mübarizə fəaliyyətinin təmin edilməsi və dənizdəki şəraitdən müfəssəl şəkildə xəbərdar olma, müasir texniki imkanlardan istifadə etməklə döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması istiqamətində tədbirləri davam etdirir.
DSX-dan Teleqraf.com-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində iyul ayının 31-dən avqust ayının 2-dək “Хəzər dənizinin Azərbaycan sektorunda dəniz təhlükəsizliyinin təmin оlunmasi” mövzusunda taktiki təlimlər keçirilib.
Taktiki təlimlərə cəlb olunmuş sərhəd gözətçi gəmiləri Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı əsasında Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin "Gəmi İnşası və Təmiri Mərkəzi"ndə inşa edilib. Gəmilər itisürətli və yüksək üzmə qabiliyyətinə malik olmaqla yanaşı, mükəmməl naviqasiya və radiotexniki avadanlıqlarla, o cümlədən müasir silahlarla təchiz edilib.
Taktiki təlimlərin əsas məqsədi Xəzər dənizində Azərbaycan Respublikasının maraqlarının qorunması, neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrinin döyüş hazırlığının yüksəldilməsi, dənizdə və sahildə təxribat qruplarının, sualtı hədəflərin aşkarlanması və zərərsizləşdirilməsi, gəmilərlə, helikopterlərlə dənizdə sərhəd axtarışının və xilasetmə əməliyyatlarının keçirilməsi üzrə xidməti təcrübənin artırılması, məlumat mübadiləsinin təkmilləşdirilməsi olub.
Üç mərhələdə yeddi taktiki epizod üzrə keçirilən təlimdə neft-qazçıxarma rayonlarının, platformaların, boru kəmərlərinin mühafizəsi və müdafiəsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Çevik Hərəkət Qüvvələrinin gündəlik xidməti şəraitdən fövqəladə şəraitə keçirilməsi üzrə bütün təlim tapşırıqları uğurla yerinə yetirilib.
Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin, Çevik Hərəkət Qüvvələrinin pilotsuz uçuş aparatı və helikopterlərinin raket komplekslərindən, həmçinin zenit-artilleriya qurğularından suüstü, sahil və hava hədəflərinə qarşı döyüş atışları müvəffəqiyyətlə həyata keçirilib, neft-qaz infrastrukturu istiqamətində təxribat qrupunu havadan dəstəkləyən pilotsuz uçuş aparatının, sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş təxribat qruplarının aşkarlanması və məhv edilməsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra edilmiş, küləkli hava və dalğalı dəniz şəraitinə baxmayaraq şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirib.
Təlimlərin yekun mərhələsində iştirak edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev təlimlərin uğurlu yekunu və yüksək nəticələrin əldə olunması münasibətilə şəxsi heyəti təbrik edib, Xəzər dənizində dövlət sərhədinin etibarlı mühafizəsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, neft-qaz hasilatı və daşınması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin Dövlət Sərhəd Xidmətinin əsas vəzifələrindən biri olduğunu vurğulayıb, Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının artırılması üzrə tapşırıqlar verib.