19 Avqust 2019 11:34
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əziz Rəşad! İnan ki, mən bu sözləri yazmamaq üçün nə qədər gözlədim və 24 iyuldan bu yana nə qədər ümidlə yaşadım. Əminəm ki, harda olsan da, məni eşidirsən. Səni bəlkə ən az görən və səninlə ən az söhbətləşən insanlardan biri mən olmuşam. Ancaq sənin necə gözəl, təmiz, sevgi dolu bir insan olduğunu görmək üçün heç də uzun zaman səninlə ünsiyyətdə olmaq gərək olmurdu.

Teleqraf.сom xəbər verir ki, bu sözləri Azərbaycan ordusunun Xəzərdə itkin düşən pilotu Rəşad Atakişiyevin qaynı Toğrul Hüseynli sosial şəbəkədə yazıb.

"Sənin övladlarına, ailənə necə bir sevgi ilə yanaşdığını, onlara böyük diqqətlə qayğı göstərdiyini hər kəs bilirdi. Sən bu qısa ömründə, səni tanıyan insanların xatirəsində dərin iz qoydun, onlara özünü gözəl insani keyfiyyətlərlə tanıtdın. Sadəcə bu dünya sənin kimi təmiz qəlbli, saf insanlar üçün olduqca çirkli bir yerdir. Bu dünya çirkin oyunların, məkrli, paxıl, eqoist insanların öz xəbislikləri ilə zəhərlədikləri və onlara qarşı mübarizə aparan təmiz qəlbli insanların vaxtaşırı onların xəyanətkar davranışları altında əzildiyi bir yerdir. Nə yazıq ki, bu təbiətin qanunudur. Xeyrlə şərin mübarizəsidir. Sən bu əziyyətdən qurtuldun və mən əminəm ki, sən yaşadığımız dünyadan daha yaxşı bir yerdəsən. Şərəfinlə yaşadın və mən əminəm ki, iki oğlun daima səninlə fəxr edəcək, sənin şərəfli həyatın onların gələcəyinə parlaq bir işıq salacaq. Ruhun şad olsun, gözəl insan, sənin üçün darıxacam Rəşad, daima qəlbimizdəsən!", - deyə pianoçu Toğrul Hüseynli qeyd edib.

Qeyd edək ki, MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev politoloq Qabil Hüseynlinin kürəkənidir.


Müəllif: Teleqraf.com