23 Avqust 2019 16:13
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Veteranlar da daxil olmaqla şəhid ailələrinə qayğı dövlət üçün həssas məsələdir. Xüsusilə konflikt davam edirsə, yaxud növbəti müharibəyə girmək ehtimalı olanda istənilən dövlət göstərməlidir ki, müharibədə iştirak edən şəxslərə biganə qalmır, onlara qayğı ilə yanaşılır. Əks halda insanlarda patriotluğu coşdurmaq, onları hərbi əməliyyatlara cəlb etmək çətin olar.

Teleqraf.com xəbər verir ki, bu sözləri hüquqşünas Fərhad Mehdiyev “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin “Şəhid ailələrinin sosial problemlərinin həllinə dair təşəbbüslər” mövzusunda təşkil etdiyi ictimai müzakirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı müharibə qəhrəmanlarına böyük hörmət göstərir, şəhidlik zirvəsinə ucalanlara xüsusi rəğbət bəsləyir: “Bu günlərdə şəhid olmuş pilot Rəşad Ataşkişiyev haqda insanların yanaşmalarının şahidi olduq. Halbuki döyüş şəraitində şəhid olmasa belə hərbi qulluqçu olduğuna, xidmət sırasında vəfat etdiyinə görə insanlar həssaslıq nümayiş etdirir. Təbii ki, dövlət də bu baxımdan xüsusi diqqət yetirir”.

Şəhid ailələrinə verilən kompensasiya məsələsinə toxunan hüquqşünas hərbi qulluqçuların sığorta olunduğunu və onların hərbi xidmət sırasında sadəcə fiziki sağlamlığı deyil, ümumiyyətlə həyatını itirməsinə görə vərəsələrinə 11 min manat kompensasiya verildiyini qeyd edib: “Bunu geriyə tətbiq etdilər. Bizim ailə də o pulu aldı. Halbuki qardaşım Firudin Mehdiyev 1992-ci ildə şəhid olmuşdu. O vaxt da kompensasiya vardı, haradasa köhnə məzənnə ilə 2500 manat verilirdi.

O zaman atam almamışdı, amma alanlar da vardı, alanlara təkrar ödəmə verildi. Şəhid ailələri ödənişin məbləğinin az olduğunu bildirirdilər, həqiqətən 11 min manatla müqayisədə az idi.

Hökumət inflyasiyanı nəzərə alıb qalan məbləği ödəyə bilərdi, amma şəhid ailələrinin narazı qalmaması üçün bütöv məbləğ ödənildi.

Bəli, şəhid ailələrinə qayğı var. “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin keçirdiyi tədbir təqdirəlayiqdir. Çünki dövlətin üstünə hər şeyi həmişə yükləmək düzgün deyil”.

Fərhad Mehdiyev hesab edir ki, QHT sektorunun bu işdə ciddi təsiri və faydası ola bilər: “Ən azı QHT-lərin müəyyən layihələrə müraciət edib şəhid ailələrinə yardım göstərə bilmək istəyi alqışlanmalıdır.

1992-ci ildə şəhid olan şəxslərin ailələrinin vəziyyəti ayrıdır, onların valideynlərinin çoxu dünyasını dəyişib, övladları böyüyüblər, mümkün olduğu qədər sosial yardım edilə bilər. İşsizlərin işlə təmin olunmasına kömək məqsədilə kurslara cəlb etmək olar. Sosial mənzillər tikilir, bizim ailəmiz şəhid ailələri üçün tikilən binada yaşayır. Həmin binanın tikintisi bir müddət dayanmışdı, atam sağ idi, növbədə olan şəhid ailələrini topladı, onlar da komitə yaratdılar, çoxsaylı müraciətlər oldu. Bəzi ərizələri şəxsən yazmışam.

Şəhid ailələri gərək özləri də təşəbbüs göstərsin. Məmurun işi çox olur, bəlkə yadına düşmür, QHT-lərin köməyi lazımdır”.

Fərhad Mehdiyev təklif edib ki, QHT-lər əvvəlcə şəhid ailələrinin dəqiq siyahısını tərtib edib, problemlərin mərhələli şəkildə həllinə nail olmalıdır: “İlk növbədə problem müəyyənləşdirilib üzə çıxarılmalıdır, ondan sonra dəqiq olaraq bunların həlli istiqamətində düşünə bilərik. Bir QHT-nin bütün Azərbaycanda olan şəhid ailələrinin problemlərini öyrənməsi düzgün deyil.

Bakıdakı QHT-nin tutalım, Lənkəranda yaşayan şəhid ailəsinin problemini öyrənməsi çətin olar. Bunu regional QHT etsə daha yaxşıdır, şəhid ailəsini ziyarət edib yerindəcə qayğıları ilə maraqla bilər.

Məsələni gündəmdə saxlamaq lazımdır. Xalqımız görməlidir ki, şəhid ailələrinə qayğı var. Qarabağ məsələsinin danışıqlar mərhələsində həll olunub-olunmayacağı bilinmir, hərbi əməliyyatlar həmişə aktualdır. Gənclər bilməlidir ki, düşmənə qarşı döyüşdə şəhid olsalar valideynlərinin qocalanda belə problemlərini dövlət öz üzərinə götürəcək”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər