13 Sentyabr 2014 13:45
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün qərbdə fəaliyyət göstərən beynəlxalq təşkilatların və fondların iş prinsipində şəffaflıq və bərabər yanaşma prinsipi əldə rəhbər tutulur. Bu təşkilatlar özləri də dəfələrlə bunu qərb dəyərləri kimi qeyd edirlər və Azərbaycandan da bunu tələb edirlər. Bəs gəlin baxaq görək Qafqaz ölkələrinə münasibətdə bu bərabərlik prinsipi qorunurmu?

Bildiyimiz kimi bu gün bölgəni narahat edən əsas məsələ, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsini bu gün bütün dünya etiraf edir. Lakin gəlin görək münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar Azərbaycanla Ermənistana eyni münasibət sərgiləyirlərmi?

Bu gün Ermənistana işğal altında saxladığı torpaqlardan çıxmaq üçün heç bir təzyiq göstərilmir. Rusiyanın Ukraynanın ilhaqı onun Avropa Şurasındakı səsinin dondurulması ilə nəticələndi. Avropa İttifaqı və ABŞ ən sərt sanksiyalar tətbiq edir. Eyni işğalçılıq siyasətini davam etdirən Rusiyanın vassalı Ermənistana isə nəinki təzyiq göstərilmir, hətta onu təcavüzkar belə adlandırmaq istəmirlər. Beynəlxalq təşkilatlar Azərbaycanda seçkilər, demokratiya və insan haqları ilə bağlı əsassız narahatlıqlarını ifadə etdiyi halda Ermənistanda 2008-ci il prezident seçkilərində Ermənistan prezidenti Serj Sarkisyanın seçkiyə etiraz edənlərin kütləvi surətdə amansızlıqla dağıdılmasına əmr verməsini və 10 nəfərdən çox etirazçının ölümünə səbəb olan anti demokratik və anti-insani hərəkətləri niyə qınamırlar?

Bu gün qərb donorları tərəfindən xarici qrantların daha böyük hissəsi Ermənistana yönəldiyi bir vaxtda heç kim orada insan hüquqları, demokratiya və şəffaflıqdan danışmır. Əgər qərb doğurdan da bu qədər öz dəyərlərindən narahatdırsa nəyə görə Ermənistanın mono-etnik siyasət yürütməsinə göz yumur? Azərbaycanda beynəlxalq təşkilatlarda əcnəbilər rahat şəkildə, hətta bir çox hallarda yerli qanunvericiliyə əməl etmədən fəaliyyət göstərdiyi halda Ermənistanda bir çox xarici təşkilatların nümayəndəliklərindəki rəhbərlər məhz ermənilər özləridir.

Elə isə, nəyə görə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərliyinə milli kadrlar cəlb olunmamalıdır? Bununla bağlı Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununda da müvafiq maddə mövcuddur: "Filial və nümayəndəliyin rəhbərləri qeyri-hökumət təşkilatı tərəfindən təyin edilir və qeyri-hökumət təşkilatı tərəfindən verilən səlahiyyət dairəsində fəaliyyət göstərir. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar."

Bəs görəsən Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar bu qanuna nə dərəcədə əməl edir? Düşünürəm ki, Azərbaycanda fəaliyyətini davam etdirmək istəyən beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri ilk növbədə bu məqamlar haqqında düşünməlidir.

Digər az əhəmiyyəti olmayan məsələ: Azərbaycanda fəaliyyət göstərən xarici fond və beynəlxalq təşkilatlar QHT-lər arasında bölücülük edərək bir qrup QHT-ni müstəqil, digərlərini GONGO kimi təsnif edərək iqtidar və müxalifət yönümlü təşkilatlar adlandırırlar və bununla da qeyri-bərabər yanaşma sərgiləyirlər. Əslində QHT-lərin bu cür təsnifi Azərbaycanda fəaliyyət göstərən beynəlxalq donorların apardığı siyasətdir. Ölkənin prioritetləri və reallıqları nəzərə alınmadan yalnız birtərəfli mövzularda və yalnız eyni təşkilatlara qrantların verilməsi qeyri peşəkar, ikili və qərəzli yanaşmanın bariz nümunəsidir. Bu gün QHT sektorunda yaranan böhranın əsas səbəbkarı məhz bu siyasəti Azərbaycanda tətbiq edən beynəlxalq qeyri-hökumət təşkilatlarının özləridir.

Vüqar Əhmədov

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri
QHT/ Vətəndaş Cəmiyyəti-Dövlət münasibətləri üzrə Qlazqo Universitetinin məzunu


Müəllif:

Oxşar xəbərlər