Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, Azərbaycanda yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.
Bu il sentyabrın 15-i bazar gününə təsadüf etdiyindən 2019/2020-ci tədris ili sentyabrın 16-dan başlayacaq.
Yeni tədris ilinin proqnoz göstəricilərinə gəlincə, Azərbaycan bölməsi üzə I sinfə 147458, rus bölmə üzrə 15852 şagirdin qəbulu nəzərdə tutulur.
Bundan başqa, XI sinfə Azərbaycan bölməsi üzə 75855, rus bölmə üzrə isə 6542 şagirdin tədris alması proqnozlaşdırılır.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
Xatırladaq ki, Təhsil Nazirliyinin təmir-tikinti işlərini yekunlaşdırdığı 43 məktəb binası yeni tədris ilində şagirdlərin istifadəsinə veriləcək. Onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir.
2019-cu ildə ümumilikdə ölkə üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.
2019-2020-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb. Sentyabrın 6-dək dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur./report/