13 Sentyabr 2019 17:51
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər ölkədə fəaliyyət göstərən orta məktəblərdə mobil telefonun tətbiqi müzakirə mövzusudur. Bəziləri orta məktəblərə mobil telefon gətirilməsiniə yasaq qoyulmasını təklif edir. Mobil telefonla valideynlərin öz övladları ilə əlaqə saxladığı arqumenti də var.

Teleqraf.com valideyn və müəllimlər arasında bu mövzuda sorğu keçirib.

Bəstəkar Gövhər Həsənzadə düşünür ki, nazirlik tərəfindən orta məktəblərdə mobil telefonların tətbiqi birmənalı şəkildə qadağan olunmalıdır:

“Mən övladıma mobil telefonu o, orta məktəbin 10-cu sinifində oxuyanda almışam. Bu da onun məktəb qrafiki ilə əlaqəli idi. Qış ayları olanda, ya da məktəblərdə keçirilən tədbirlərlə əlaqəli gecikdiyi hallar olurdu. Buna görə də ona məktəbə telefon aparmağa icazə verməli oldum”.

Bəstəkar deyir ki, övladının təhsil aldığı məktəbdə uşaqların mobil telefonu özləri ilə sinifə keçirilməsinə ümumiyyətlə icazə verilmir:

“Bəzi valideynlər uşaqları ilə əlaqə saxlamaq istəyirlər. Buna görə də uşaqlar mobil telefon gətirəndə onu qapıdakı mühafizəçilərə verib dərs otaqlarına daxil olurlar. Övladımın təhsil aldığı məktəbdə mobil telefona qarşı sərt münasibət olmasa da valideynlərlə gəlinən razılıq əsasında uşaq telefonu mühafizəçi vasitəsilə istifadə edə bilər”.

Gövhər Həsənzadə məktəblilərin telefonu siniflərə aparmasının dərs keyfiyyətinin aşağı düşməsinə səbəb olduğunu bildirdi.

Araşdırmaçı jurnalist Elçin Bayramlı nazirliyin bu məsələyə ciddi nəzarət etməli olduğunu düşünür: “Orta məktəblərdə şagirdlərin mobil telefondan istifadəsi məsələsi ciddi nəzarətə götürülməlidir. Bu barədə müvafiq qadağalar olsa, dərsin keyfiyyəti yüksələr. Sorğu videoları da buna sübutdur. Uşaqlar özləri etiraf edirlər ki, tədris prosesində dərsə aid olmayan mövzularla maraqlanırlar. Onların dərs zamanı film izləməsi, yazışması dərsə olan diqqətlərinə maneə yaradır”.

Elçin Bayramlı istisna vəziyyətlərdən başqa məktəblərdə mobil telefon tətbiqinin qadağan olunmasına tərəfdardır:

“Elə situasiyalar var ki, uşaq və valideynin telefondan istifadəsi zərurətə çevrilir. Məsələn, uşaq xəstədirsə, bu halda mobil telefona icazə verilə bilər. Bəzi valideynlər uşaqlarının məktəbdən ikinci növbədən sonra evə gəlmə vaxtlarının gec olması ilə əlaqələndirib onlara telefon verirlər. Azərbaycanda uşaq oğruluğu demək olar ki, yox vəziyyətdədir. Uşaq evdəkilərdən birinin gəlməsinə qədər məktəbdə gözləyə bilər. Zəruri hallardan başqa uşağın məktəbə telefon aparması yolverilməzdir”.

“Azərsu” ASC mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı şagirdlərin mobil telefonla məktəb ərazisinə daxil olmasına qəti etiraz edir:

“Məktəblilərin əlində telefon olarsa, bu, istər-istəməz onların fikirlərinin dərsə mərkəzləşdirilməsinə əks-təsir edəcək.Təhsil-tədris prosesində şagirdlərin telefon, kompüter və ya başqa elektron vasitələrlə məşğul olması yolverilməzdir. Bu, yalnız müəyyən dərslər üçün keçərli ola bilər”.

“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili də eyni fikirdədir. Baş redaktor bildirdi ki, əgər uşaqla əlaqə saxlamaq valideyn üçün çox mühümdürsə, onda ona sadə telefon verməlidir:

“Telefon rabitə vasitəsidir. Elə valideyn var ki, övladının məktəbdən evə gec gəlməsindən narahat olur. Bu səbəbdən ona telefon alıb müntəzəm əlaqə yaratmağa çalışır. Bu mənada telefon əlaqə vasitəsi kimi yerinə düşür. Amma şagirdlərin dərs zamanı imkanları geniş olan mobil telefonlardan istifadəsinin əleyhinəyəm”.

Orta məktəblərdən birində müəllim işləyən Məlahət Hüseynova da şagirdlərin məktəbə telefon gətirməsinin tərəfdarı deyil:

“30 ildir yuxarı siniflərə dərs deyirəm. Məktəbə telefon gətirən şagirdin fikrini dərsə cəm etmək çox çətin olur. Mobil telefondan istifadə hər hansı maarifləndirici amillə əlaqəlidirsə, bunu o, evdə də edə bilər. Amma dərs zamanı bu yolverilməzdir. Müvafiq qurumlar bununla bağlı tədbirlər görməlidir”.

Digər müəllimə Nəzakət Məmmədova da həmkarı ilə eyni fikirdə olduğunu vurğuladı.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər