20 Sentyabr 2019 13:50
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Suraxanı rayonu Bülbülə qəsəbəsi 208 saylı tam orta məktəbdə "Narkotikə yox deyək, sağlam vərdişlər sağlam gələcəyin əsasıdır" mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov bildirib ki, "narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.

Cəmiyyətdə "ağ ölüm" kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir”.

N.Həsənov vurğulayıb ki, insan amili dövlət siyasətinin əsasını təşkil edir: "Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, həyata keçirilən siyasətin önündə vətəndaş amili dayanır. Əhalinin sağlamlığının yüksək səviyyədə qorunması da prioritet məsələlərdəndir. Azərbaycanın gələcəyi kimi dəyərlənləndirilən gənclərimizə diqqət və qayğı isə daha mühüm vəzifə kimi qeyd edilir. Gənclər arasında idmanın, mədəni-kütləvi tədbirlərin genişləndirilməsində, idmana marağın artırılması naminə inşa olunan idman komplekslərinin tikilməsində də əsas məqsədlərdən biri sağlamlığın təmin edilməsi ilə yanaşı, insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır. Azərbaycan gəncliyinin bu gününə və gələcəyinə xidmət edən Dövlət Proqramlarının müddəalarında da bu kimi tələblər öz əksini tapıb. Hər bir qurum üzərinə düşən məsuliyyəti lazımi səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə nail olmağa öz töhfəsini vermiş olar”.

Narkomaniyaya qarşı ölkəmizdə davamlı işlər görüldüyünü, əməli işlər aparıldığını deyən N.Həsənov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrası uğurla davam etdirilir:

"Daxili İşlər Nazirliyi olaraq orta ümumtəhsil müəssisələrində, eləcə də ayrı-ayrı yerlərdə bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçiririk.Bu il Suraxanı rayonunun ayrı-ayrı orta ümumtəhsil müəssisələrində bu tipli tədbirlər təşkil olunub.Narkotika insanlarda mərkəzi sinir sisteminin təsir gücünü artıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat yarım özlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədənin çəkisi sanki get-gedə "azalır", fiziki qüvvə tükənir, ayaqlar hərəkət gücünü itirir, huş qeybə çəkilir, beyin öz fəaliyyəti ilə vidalaşır və həmin şəxs normal insan düşüncəsindən məhrum olur. Bədəndə elə orqanlar var ki, onlar insanları hər cür yoluxucu xəstəliklərdən qoruyur, daha dəqiq desək, bir növ "cangüdən" rolunu oynayırlar. Narkotik maddə qəbul edən insanlar özləri də bilmədən həmin orqanları iflasa uğratdıqlarından yoluxucu xəstəlik onların iç dünyasına asanlıqla daxil olur".

Polis rəisi N.Həsənov öz çıxışında qeyd edib ki, Suraxanıda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinin əvvəlki illərlə müqayisədə xeyli aşağı düşdüyünü qeyd edib: "Bunun da əsas səbəblərindən biri rayon ərazisində aparılan maarifləndirmə işi, həmçinin "qaynar xətt"in yaradılmasıdır. Təcrübə göstərir ki, məhz "qaynar xətt" vasitəsilə vətəndaşların narkomaniya ilə bağlı məlumatlarını əldə etmək və müvafiq tədbirlər görmək mümkündür. Burada bir məqam da var ki, "qaynar xətt" vasitəsilə bizə müraciət edənlərin təhlükəsizliyi üçün onların anonimliyini saxlayırıq. Nəticədə həm vətəndaşımız güvəndə olur, həm də bizə etibarı inamı artır. Bu qarşılıqlı əlaqə də bizim narkomaniyaya qarşı uğurlu mübarizəmizə köməkdir. Düşünürük ki, bu istiqamətdə sizlər də bizə yardımçı olacaqsınız".

N.Həsənov onu da vurğulayıb ki, ölkənin ali qanunverici orqanı olan Milli Məclis tərəfindən qəbul edilmiş qanunlara uyğun olaraq dini radikalizmə və erkən nigahlara qarşı geniş tədbirlər həyata keçirilir. Xüsusi olaraq gənclər arasında aparılan təbliğat işləri, bu işlərdə istifadə olunan elmi-kütləvi vasitələr görülən işin effektivliyini daha da artırır. Gənclərə nümayiş etdirilən ədəbiyyatlar, sənədli filmlər maarifləndirmə işində öz sözünü deyir.

Tədbirdə həmçinin şagirdlərə narkomaniya əleyhinə bukletlər paylanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər