Bakı. 24 sentyabr 2019-cu il. 21 sentyabr tarixində Beynəlxalq Sahilyanı Təmizlik Günündə ölkənin nüfuzlu şirkətləri, dövlət qurumları, müxtəlif təşkilat və yüzlərlə könüllülərin iştirakı ilə keçirilmiş “Xəzəri qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiya çərçivəsində Buzovna çimərliyi tullantılardan təmizlənib.
“Coca-Cola”, "Bakcell", “PAŞA Bank” şirkətlərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, ASAN Könüllülük Məktəbinin təşkilatçılığı, həmçinin, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin, ABŞ-ın və Avropa İttifaqına üzv ölkələrin səfirliklərinin, ADA universiteti, “AzEkol”, “Carlsberg Azerbaijan”, “Nargis” jurnalı, “ASAN Radio”, “Xəzər TV”, AFFA və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilmiş aksiya çərçivəsində 700-dən çox insan sahilyanı ərazini 3 tona yaxın tullantıdan təmizləyib.
“Xəzəri qoruyaq!” aksiyası çərçivəsində toplanılmış tullantıların bölgüsü belədir: 1815 kq qida qalıqları, tikinti materialları və şüşə, 211 kq plastmas, 30 kq karton və kağız, 15 kq sellofan torba.
Qeyd edək ki, dünyanın bir çox ölkəsi hər il 21 sentyabr tarixini Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada artıq 9 ildir ki, iştirak edir.
“Coca-Cola” bütün dünyada aktual olan məişət tullantıları probleminin həllində fəal rol oynayır. Azərbaycanda artıq 9 ildir ki, çoxsaylı tərəfdaşlarımız ilə birlikdə Xəzər dənizinin sahillərini hər il çimərlik mövsümü bitdikdə məişət tullantılarından təmizləyərək, insanları ətraf mühitə qarşı daha məsuliyyətli olmağa çağırırıq. Çox şadıq ki, Azərbaycan bu beynəlxalq hərəkatda hər il fəal iştirak edir və bu yolla biz, ölkəmizin, Xəzər dənizimizin daha təmiz olmasına töhfəmizi vermiş oluruq.” - deyə “Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib.
“Hər il daha çox insanın, xüsusilə də gənclərin fəal şəkildə bu ekoloji aksiyaya qoşulduğunu müşahidə edirik və bu fakt bizi sevindirməyə bilməz. Bu tədbir sadəcə ekoloji aksiya deyil, həm də rəngarəng proqramı ilə böyük bir bayramdır. “Bakcell” şirkəti qarşıdakı illərdə də bu böyük layihəyə dəstək verməyə hazırdır.“ deyə “Bakcell” şirkətinin PR və Korporativ kommunikasiya departamentinin rəhbəri Süheylə Cəfərova vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli bu tip layihələrin gənclərin inkişafına verdiyi töhfəni vurğulayıb: “Hər ötən il aksiyaya qatılan könüllülərin sayı durmadan artır. Builki aksiyaya 500 “ASAN könüllüsü”nün qatılması gənclərin ekoloji layihələrə marağının artmasının bariz nümunəsidir. Ekoloji layihələrin gənclərin həm də sosial məsuliyyətli fərd kimi formalaşmasında xüsusi yeri var. Bu layihə sayəsində gənclər öz üzərilərinə düşən məsuliyyəti dərk etmiş olurlar.”
“Xəzəri qoruyaq!” şüarı altında Buzovna çimərliyində keçirilən aksiya çərçivəsində təxminən 3 tona yaxın tullantı qismən emala göndərilib, qalan hissəsi isə Balaxanı poliqonuna göndərilib. Hər il çimərlik mövsümünün sonunda gənclərin, şirkət əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumunun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik üçün lazımi ləvazimatlarla təmin olunub.
Qeyd edək ki, Azərbaycanda son 9 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 45 hektara yaxın ərazisi 35ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq “Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.