“Qadınlara qarşı zorakılıq son dövrlərin ən aktual problemləri olaraq qalır. O nə coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır. Hər hansı etnik və ya dini qrup bu bəladan sığortalanmayıb. Azərbaycanda din, qızların təhsildən zoran ayrılması, erkən nikaha cəlb edilməsi, zorakılığa məruz qalması hallarına rast gəlinir. Bütün bunların qarşısının alınmasının bir yolu da insanların maarifləndirilməsindən keçir”.
Bu fikirləri Regional Qadın Təşəbbüsləri İctimai Birliyinin layihə rəhbəri Kubra Məmmədova Şəkidə keçirilən məlumatlandırma sessiyasında bildirib.
"Regionlarda məişət zorakılığına qarşı hüquqi maarifləndirmə " layihəsi çərçivəsində keçirilən məlumatlandırma sessiyasında çıxış edən K.Məmmədova qeyd edib ki, Azərbaycan qanunvericiliyi bu istiqamətdə də əhalinin hüquqlarının qorunmasına imkan verir: “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihə 3 ay müddətində davam edir. Layihənin əsas məqsədi son dövrlər artan məişət zorakılığının aradan qaldırılması üçün mübarizənin təşkili, qadınların hüquqi biliklərinin artırılması, zorakılığa məruz qalanların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmənin aparılması, ehtiyacı olanlara hüquqi yardımın göstərilməsini göstərilməsi istiqamətində ictimai təşəbbüslərin gücləndirilməsidir. Digər tərəfdən onların biliklərinin artırılması və onların hüquqlarının müdafiəsinin gücləndirlməsi istiqamətində maariflədnirmə işinin təşkilidir”.
Tədbirdə məruzəçi qismində çıxış edən Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri Xalid Kazımov Azərbaycan qanunvericiliyin Ailə Məcəlləsi -məişət zorakılığının yaratdığı məsuliyyət, Konstitusiyanın 17-ci maddəsi (Ailə, Uşaqlar və Dövlət), “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun və Mühafizə orderinin alınması haqqında ətraflı məlumat verib: “22 iyun 2010 cu il də qəbul edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərərçəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir”
X.Kazımov Mühafizə orderinin alınması qaydaları və formaları haqqında ətraflı məlumat verib. Mühafizə orderinin tələblərinə əməl etməməyin məsuliyyəti haqqında bunları qeyd edib:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, məişət zorakılığına məruz qalanlara mühafizə orderlərinin verilməsinə 2013-cü ildən başlanılıb. 2014-cü ildə Azərbaycanda zorakılığa məruz qalan 3, 2015-ci ildə isə 6 nəfərə uzunmüddətli mühafizə orderi verilib. 2016-cı ildə 7 nəfərə mühafizə orderi verilibki, onlardan 3-ü qısa, 4-ü uzun müddətli olub. 2017-ci ildə isə 24 uzun müddətli, 10 qısa müddətli order verilib. Qısa müddətli mühafizə orderlərini yerinəyetirmədiyinə görə zorakılıq törədən şəxslər inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olunurlar. Amma uzun müddətli mühafizə orderi icra olunmadıqda şəxs artıq məhkəməqərarının icra edilməməsinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Sonda layihə rəhbəri və ekspert tərəfindən iştirakçıların sualları cavablandırılıb.