Bu gün Qubada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə respublikanın şimal bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Milli adət-ənənələrimiz və müasirlik” mövzusunda ikigünlük regional konfrans işə başlayıb.
Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransın açılış mərasimində DQİDK-nın sədri Mübariz Qurbanlı, Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Müzəffər Talıblı, millət vəkililəri Vahid Əhmədov, İlham Əliyev, Yevda Abramov, Qafqaz Müsəlmanlar İdarəsinin sədrinin müavini Qəmərxanım Cavadlı, ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak ediblər.
Açılış mərasimində çıxış edən M.Qurbanlı konfransın əhəmiyyətindən və ölkəmizdəki dövlət-din münasibətlərindən ətraflı danışaraq bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib.
Dövlət Komitəsinin sədri bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən danışıb.
Ulu öndər Heydər Əliyevin “Biz dünyəvi dövlətik, amma dindən də ayrı deyilik” fikrini vurğulayan M.Qurbanlı bildirib ki, bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir: “Hər kəsin dini etiqad azadlığı var. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Ancaq unutmaq lazım deyil ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Odur ki, dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalıdır. Ölkə dindarlarını xarici təsirlərdən qorumaq daha çox ruhanilərin üzərinə düşən məsuliyyətdir. Əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq”.
Tədbirdə çıxış edən din xadimləri ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirib, son dövrlər DQİDK-nin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.
Açılış mərasimindən sonra panellər üzrə davam edən konfransda bir neçə maraqlı məruzə dinlənilib. “Milli kimliyimizin formalaşmasında milli-mənəvi dəyərlərimizin yeri və rolu” adlı plenar iclasda Dövlət İdarəçilik Akademiyasının doktorantura şöbəsinin müdiri, tarix elmləri doktoru Musa Quluzadə “Müasir Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması (ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətləri kontekstində)”, Bakı Dövlət Universitetinin müəllimi Aqil Şirinov “Milli kimliyimiz və İslam dini”, BDU-nun müəllimi, ilahiyyatçı, Saleh Kazımov “Azərbaycan ruhaniliyi və milli dövlətçiliyimizin qurulması prosesi” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransda “Azərbaycanın Şimal bölgəsində ənənəvi İslam”, “Ənənəvi İslam: dini radikalizmə qarşı mənəvi müdafiə sistemi”, “İrfan məktəbi - ənənəvi İslamın bərpası” mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
BƏXTİYAR