16 Sentyabr 2014 18:19
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında QHT-rə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində maliyələşdirdiyi “Beynəlxalq Risklərin Analizi və Proqnozu Mərkəzi” tərəfindən Fransanın məşhur “Diplomatiya” jurnalının xüsusi buraxılışı nəşr edilib.

Şuranın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, jurnalın Azərbaycana həsr olunan geniş məqaləsində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində doğma yurd yerlərindən didərgin düşən 1 milyondan çox məcburi köçkün haqqında ətraflı məlumat verilir. Məqalədə qeyd edilir ki, Ermənistan BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və bəyannamələrə məhəl qoymayaraq Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir.

Jurnalda Ermənistan tərəfindən işğal edilmiş rayonlar, məcburi köçkünlərin sıx məskunlaşdıqları müvəqqəti yaşayış əraziləri və keçmiş çadır düşərgələri xəritələrlə Avropa oxucusuna təqdim edilib. Məqalədə həmçinin qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə dövlət proqramına uyğun olaraq yeni salınan yaşayış məntəqələrinə aid məlumatlar və zəngin illüstrasiyalar da verilib.

Xüsusi buraxılışda Xocalı soyqırımını əks etdirən fotolarda yer alıb.

Qeyd edək ki, “Diplomatiya” jurnalı iki ayda bir dəfə 20.000 tirajla çap edilir və Fransa başda olmaqla dünyanın 40 ölkəsində yayılır. Əsas auditoriyası siyasətçilər, alimlər, tarixçilər və ictimaiyyətin digər fəal nümayəndələridir.

BƏXTİYAR


Müəllif: