12 Noyabr 2019 14:23
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 14-15 noyabr 2019-cu il tarixlərində müxtəlif dini konfessiya və təriqət liderlərinin, müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Dünya dini liderlərinin II Bakı Sammiti keçiriləcək.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Dünya dini liderlərinin II Bakı Sammiti”nin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin keçirilməsi barədə qərarlarından irəli gələn Sammitdə dünyanın 5 qitəsindən 70-dən artıq dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən, Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak edəcək.

Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə evsahibliyi etdiyi Dünya dini liderlərinin sayca ikinci Bakı Sammiti Azərbaycan Dövlət başçısının təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı prosesi”, Multikulturalizm və İslam həmrəyliyi illləri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən “Dünya dini liderlərinin I Bakı Sammiti”nin, habelə, “Bakı Beynəlxalq dinlərarası və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrinin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davam və inkişafıdır.

Sammitdə "Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu", "Şeyxülislam A.Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi", "Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofibiya əleyhinə", "Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti" mövzuları ətrafında müzakirələr aparılacaq.

Sammitin yekunlarına dair Bakı Bəyannaməsinin qəbulu nəzərdə tutulur./trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər