Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, noyabrın 14-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 9-12, gündüz 14-16, Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.
Azərbaycanın rayonlarında əsasən şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 14-18, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə isə noyabrın 14-dən 17-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.