Milli Məclis 2020-ci il dövlət büdcəsinin müzakirəsini davam etdirir.
Teleqraf.com xəbər verir ki, parlament Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxarıb.
Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, gələn il yanvarın 1-dən heyvan və quş yemlərinin satışı 4 il müddətində əlavə dəyər vergisindən (ƏDV ) azad ediliəcək.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı danışan zaman bildirib ki, Məcəlləyə 162 dəyişikliyin edilməsi nəzərdə tutulub. Komitə sədri bidlirib ki, layihəyə əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətində ƏDV-dən azaddır. Məcəllənin 199-cu maddəsinin (Vergi güzəştləri və azadolmalar) 199.14-cü bəndinə təklif olunan dəyişikliyə görə, mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisindən azaddırlar ( mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla).
Məcəllənin 218-1-ci maddəsinin (Azadolmalar və güzəştlər) 218-1.1.1-ci bəndinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi – 2014-cü il yanvarın 1-dən 10 il müddətində vergidən azad olunur. Məcəlləyə edilən digər dəyişikliklə isə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən, yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir (əmək haqından tutulan gəlir vergisi istisna olmaqla) qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, 10 il müddətinə gəlir vergisindən azad ediləcək.
Komitə sədri əlavə edib ki, prezidentin apardığı iqtisadi siyasətə uyğun olaraq şəffaflıq və korrupsiyaya qarşı mübarizə məcəllənin dəyişməsini zəruri edib.
O, əlavə edib ki, məcəlləyə 162 dəyişiklik edilməsi nəzərdə tutulur ki, bunun 73-ü ayrı-ayrı maddələrə prinsipial dəyişiklikdir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.