23 Noyabr 2019 08:38
250

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin (İB) təşkilatçılığı ilə “Vətən məndən başlanır” adlı sosial layihənin ilk təqdimatı olub.

ADNSU-dan Teleqraf.com-a bildiriblər ki, Milli Məclis deputatlarının, professor və müəllimlərin, tələbələrin, şəhid ailələrinin iştirak etdikləri tədbirdə İB-nin sədri, şəhid polkovnik-leytenant Raqub Orucovun həyat yoldaşı Sevinc Orucova çıxış edərək “Vətən məndən başlanır” devizi ilə gənclər arasında vətənpərvərlik və dövlətçilik ideologiyasının təbliğ edilməsindən danışıb.

ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov azərbaycançılıq ideologiyasını təbliğ edən belə bir layihənin ilk təqdimatının ADNSU-da keçirilməsinin qürurverici olduğunu deyib.
Prorektor, eyni zamanda, Vətənin azadlığı uğrunda şəhid olan qəhrəmanların ömür yolunun hər bir gəncə örnək olduğunu diqqətə çatdırıb.
Tarixçi alim Firdovsiyyə Əhmədova tarixi həqiqətlərin aşkara çıxarılmasında, işğal altında olan torpaqlarımızın azad edilməsində bilik və bacarıqlı, yüksək intellektli gənclərə ehtiyac olduğunu bildirib.

Milli Məclisin deputatı Qənirə Paşayeva gənclərə Vətən sevgisinin aşılanmasının əhəmiyyətindən bəhs edib.
Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı şəhid ailələrinə böyük diqqət və qayğı göstərildiyini deyib, təqdim olunan layihənin əhəmiyyətini vurğulayıb.


Müəllif: Teleqraf.com