"Dağlıq Qarabağ icmasının sədri olaraq ABŞ-ın Los-Anceles şəhərinə səfərimizi çox əhəmiyyətli səfər hesab edirəm".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev icma üzvlərinin ABŞ-ın Los-Anceles və Türkiyənin paytaxtı Ankara şəhərindəki görüşləriylə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los-Ancelesdə xeyli sayda görüşlər keçirib: "Bilirsiniz ki, bu səfər bizim icma olaraq ilk beynəlxalq səfərimiz idi. Ona görə də bizim azərbaycanlı icma olaraq Los-Ancelesə səfərimiz böyük əhəmiyyət daşıyırdı. Mən bu səfəri çox önəmli sayıram. Çünki bu şəhərdə erməni diasporu fəaliyyət göstərir. Bizim səfərimiz orada yaşayan ermənilər üçün gözlənilməz oldu. Bizim orada keçirdiyim görüşlərimizdən Azərbaycanı sevməyən qüvvələr narahat oldular. Biz başımıza gələn müsibətləri görüş zamanı danışdıqca Los-Ancelesdəki rəsmilər çox mütəəssər olurdular".
İcma sədri qeyd edib ki, Türkiyənin Ankara şəhərində də xeyli sayda görüşlər keçiriblər.