Hər sayında oxucularını yeni və maraqlı tədqiqat materialları, reportajlar, təhlillər, müsahibələrlə tanış edən "Azərbaycan xalçaları" jurnalının XII buraxılışı nəşr olunub.
Jurnal professor Vidadi Muradovun Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın milli xalçaçılıq tarixindəki roluna həsr olunmuş "Azərbaycan xalça sənətinin himayədarı" məqaləsi ilə başlayır.
Xalq rəssamı Tahir Salahovun əsərlərinin "xalça ömrü"ndən bəhs edən "Kətandan xalçayadək", Londonda nəşr olunan nüfuzlu "Halı" jurnalının baş redaktoru Ben Evansla müsahibə, 4 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən xalça sexindən reportaj və s. kimi materiallar rəngarəng fotoşəkillərlə birlikdə təqdim olunub. Jurnalda "Azər-İlmə"nin tədqiqat qrupunun Bakının Qobu və Ağsu rayonunun Dilman, Hacman, Xatman, Kalva və Suraxanı kəndlərinə ekspedisiya səfərlərini əks etdirən materiallar yer almışdır. "Naxışı gözəl..." məqaləsi görkəmli alim Xudu Məmmədovun Azərbaycan xalçaçılığına dair araşdırmalarından, onun bu qədim el sənətinə bağlılığından bəhs edir. "Azər-İlmə"nin dünya muzeylərində saxlanılan Azərbaycan xalçalarına dair tədqiqatlarının nəticələri "Azərbaycan xalçaları "Metropoliten" muzeyində" adlı materialda təqdim edilib.
Jurnalın baş redaktoru əməkdar incəsənət xadimi, professor Vidadi Muradovdur.
NİGAR