Sentyabrın 23-də Azərbaycandan ilk mərhələdə 375 zəvvar Həcc ziyarətinə yola düşəcək.
Qafqaz Müsəlmanları İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, artıq zəvvarların qruplara bölgüsü başa çatıb və hər qrupda 40-42 zəvvar var.
Zəvvarlardan ibarət ilk təyyarə sentyabrın 23-dən 24-nə keçən gecə, saat 01.40 dəqiqədə Bakıdan ayrılacaq. Artıq Səudiyyə Ərəbistanında zəvvarlarımızın bütün təşkilati məsələləri həll olunub. Məkkə və Mədinə səfərlərində həmişə olduğu kimi, bu il də bina və otellər icarəyə götürülüb, zəvvarlarımızın nəqliyyatla, gündə iki dəfə yeməklə, mehmanxana və binalarda 24 saat ərzində isti çayla təminatı məsələləri həll olunub.
Gediş 23-28 sentyabr, qayıdış isə 11-15 oktyabr tarixlərinə nəzərdə tutulub. Zəvvarları qrup rəhbərləri və həkim briqadası müşayiət edəcək.
Qeyd edək ki, Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. İraq və Suriyada baş verən hadisələrlə əlaqədar bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər.
Bu il Azərbaycandan Həcc ziyarətinə təxminən 3600 zəvvarın yola düşəcəyi nəzərdə tutulur.
Bəxtiyar