5 Yanvar 2020 14:21
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qonşu ölkələrdə baş verən epidemioloji gərginliyə baxmayaraq, yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan kompleks tədbirlər respublikada əldə olunan epidemioloji sabitliyi qoruyub saxlamağa imkan verir.

Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyində ilin yekunlarına həsr olunmuş kollegiya iclasında qurumun tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.

Gülmirzə Poladov bildirib: “Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da uşaqların 11 xəstəliyə qarşı immunlaşdırma tədbirləri ilə müdafiəsi təmin edilir. Ölkə üzrə peyvənd planı yenidoğulmuşların hepatit B vaksini ilə 98,8 faiz, poliomielit əleyhinə vaksinlə 95,4 faiz, vərəm əleyhinə vaksinlə 95,4 faiz, pnevmokok əleyhinə vaksinlə 94,2 faiz, qızılca-parotit-məxmərək əleyhinə vaksinlə 97,0 faiz və göyöskürək-difteriya-tetanus əleyhinə vaksinlə 94,3 faiz yerinə yetirilib. Bunun nəticəsində xüsusi profilaktika vasitələri ilə idarə olunan xəstəliklərin azaldılması üzrə sabit dinamika əldə edilib. Ölkəmizdə poliomielit, difteriya, göyöskürək, epidemik parotit xəstəlikləri artıq müşahidə edilmir, tetanus və məxmərək xəstəlikləri tək-tək hallarda baş verir. Həyata keçirilmiş genişmiqyaslı tibbi-profilaktika tədbirləri nəticəsində artıq 6 ildir ki, malyariyanın yerli yoluxması baş vermir. Bu nailiyyət Dünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu tərəfindən qiymətləndirilib və hazırda malyariyanın eliminasiyasının sertifikatlaşdırılması prosesinə başlanılıb. Vərəmin diaqnostikasının yaxşılaşdırılması, dərmanlara davamlı xəstələrin aktiv müalicəyə cəlb olunması, genişmiqyaslı profilaktik tədbirlərin görülməsi nəticəsində epidemioloji vəziyyətin stabilləşməsinə nail olunub. Belə ki, son 10 il ərzində qeydiyyatda olan vərəmli xəstələrin sayı hər 100 min nəfərə 121,4-dən 88,1-ə qədər azalıb, bu xəstəlikdən ölüm halları 8,4-dən 4,5-ə enib”.

Aparılan məqsədyönlü tədbirlər nəticəsində hazırda Azərbaycanın immun çatışmazlığı virusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında yer aldığını bildirən Səhiyyə Nazirliyinin nümayəndəsi deyib: “Artıq 5 ildir ki, Səhiyyə Nazirliyinin nəzdində Viruslu hepatitlərin diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi komissiya fəaliyyət göstərir. Bu müddətdə komissiyaya 10 min 803 nəfər müraciət edib, onlardan 7315-nə dövlət hesabına uzunmüddətli müalicə kursu təyin edilib. 2019-cu ildə nazirlik tərəfindən virusa birbaşa təsir göstərən yeni nəsil dərman preparatları alınıb”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər