Azərbaycan və Rusiya arasında bütün sahələrdə yüksək səviyyədə əməkdaşlıq mövcuddur. Mədəniyyət sahəsində əlaqələr də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif birgə tədbirlər, təcrübə mübadiləsi, teatr kollektivlərinin qarşılıqlı qastrol səfərləri və s. mədəni əlaqələrimizin əsas göstəricisidir.
Teleqraf.com xəbər verir ki, bu fikirləri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində təşkil olunan “Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masadan əvvəl jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Konfransın əhəmiyyətini yüksək qiymətləndirən nazir bildirib ki, tədbir Azərbaycan-Rusiya əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək:
“Rusiyadan hökumət nümayəndələri, millət vəkilləri, elm adamları və incəsənət xadimlərinin Bakıya gəlişi çoxsahəli məsələlərin müzakirəsinə şərait yaradacaq. Konfransda eyni zamanda Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü və himayəsi ilə yeddincisi keçiriləcək VII Beynəlxalq Humanitar Forumunun proqramı ilə əlaqədar fikir mübadiləsi aparılacaq. Tədbirdə qarşılıqlı maraq doğuran, əlaqələrimizi daha da inkişaf etdirəcək nüanslara da diqqət çəkiləcək”.
Nazir həmçinin konfrans günlərində müxtəlif tədbirlərlə yanaşı, iştirakçılar üçün maraqlı mədəni proqramın da təqdim olunacağını diqqətə çatdırıb.