Parlament seçkilərinə görə məzuniyyət götürən və Milli Məclisin deputatı seçilən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov bu gündən işə çıxıb.
Bu barədə institutdan bildirilib.
Qeyd olunub ki, rektorun məzuniyyəti bu gün bitib və o, artıq iş başındadır: “Ceyhun Məmmədovun məzuniyyəti dövründə rektor vəzifəsini institutun Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov icra edib”.
C.Məmmədovun deputat kimi fəaliyyətə başlayandan sonra İlahiyyat İnstitutunun rektoru vəzifəsində qalıb-qalmayacağına gəlincə, bildirilib ki, bu barədə yaxın günlərdə məlumat veriləcək: “Hələlik bununla bağlı heç bir
informasiya yoxdur. Qərar olanda ictimaiyyətə açıqlanacaq”.
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası fevralın 9-da keçirilən parlament seçksində 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən C.Məmmədovun namizədliyini irəli sürüb. Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə görə, o, 62,7% səslə deputat seçilib.
2015-ci ilin parlament seçkilərinə qədər ali təhsil müəssisələrinin rektorları bu vəzifə ilə yanaşı, Milli Məclisin deputatı da ola bilirdilər. Həmin il keçirilən seçkilərdən sonra bir şəxsin həm rektor, həm də deputat vəzifəsini tutması təcrübəsinə son qoyulub.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2018-ci ilin mayın 21-də imzaladığı sərəncam ilə C.Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib./report/