Bir neçə il əvvəl şəxsi arxivimə 5 kiçik fotoşəkil daxil oldu. Şəkillərdən birində xalçaya söykənmiş yaşlı kişi ilə qadın və iki orta yaşlı qadın təsvir edilib. Xalçanın üzərində isə belə yazı yazılıb: “C.Cəbrayılbəylinə anadan olmasının 70 illiyi münasibətilə Şamaxı ziyalılarından hədiyyə”.
Xalçadakı tarixi adı çəkilən şəxsin doğum tarixi ilə hesabladıqda 1957-ci il edir. Digər şəkillərdəki şəxslər arasında da eyni adam vardı – Cəmo bəy Cəbrayılbəyli.
***
Həyatı
Azərbaycan mətbuatında ara-sıra “himnin əsl müəllifi” kimi yada salınan Cəmo bəy Cəbrayılbəyli 1887-ci ildə Şamaxıda doğulub. Atası Adil kişini erkən yaşda itirib. İlk təhsilini mədrəsədə alıb, 1896-cı ildə Şamaxı şəhər məktəbinə daxil olub, 1901-ci ildə buranı bitirib.
1902-ci il dağıdıcı Şamaxı zəlzələsindən Cəbrayılbəyli ailəsi də zərər görüb.
C.Cəbrayılbəyli 1908-ci ildə Şamaxı realnı məktəbi yanında pedaqoji təcrübə keçib, ibtidai məktəb müəllimi adını qazanıb. 1908-1914-cü illərdə Şamaxıda müəllim kimi fəaliyyət göstərib, eyni zamanda ictimai işlərdə fəallığı ilə seçilib. Şamaxıdan olan ziyalılarla, xüsusilə, Abbas Səhhət, Mirzə Ələkbər Sabir, Ağali Nasehlə dostluq edib.
1914-cü ildə Bakıya köçən Cəmo bəy əvvəlcə 9 nömrəli rus-türk məktəbində, ardınca 3 nömrəli ibtidai məktəbdə dərs deyib. Bakıda ədəbi fəaliyyətlə də məşğul olan Cəbrayılbəyli qısa hekayələr, uşaq pyesi yazıb, “Məktəb” jurnalı ilə əməkdaşlıq edib.
1922-ci ildə ali pedaqoji kursları uğurla bitirərək orta məktəb müəllimi olmaq imkanı qazanıb. Həmin ildən pedaqoji texnikumda müəllim kimi fəaliyyətə başlayıb, ardınca dərs hissə müdiri vəzifəsinə təyin olunub. 1922-1931-ci illərdə bu texnikumda işləyən C.Cəbrayılbəyli Hüseyn Cavid, Abdulla Şaiq kimi dövrün tanınmış adamları ilə birlikdə fəaliyyət göstərib. Bir tərəfdən müəllim yetişdirən Cəmo bəy digər tərəfdən öz təhsilinə də davam edib. 1931-ci ildə o zamankı Azərbaycan Pedaqoji İnstitutunu bitirib. Ardınca o, sənaye akademiyasında, müəllimləri təkmilləşdirmə institutunda, Bakı xalq maarif şöbəsində çalışıb. APİ və ADU-da pedaqoji fəaliyyətlə məşğul olan Cəbrayılbəyli 1938-1964-cü illərdə Azərbaycan Dövlət Elmi-tədqiqat Pedaqogika İnstitutunda işləyib.
1942-ci ildə namizədlik dissertasiyası müdafiə edib, pedaqoji elmlər namizədi alimlik dərəcəsini və dosent adını qazanıb. Çoxillik pedaqoji fəaliyyətinə görə respublikanın əməkdar müəllimi fəxri adını, “Şərəf nişanı” ordeni, ASSR Ali Sovetinin Fəxri fərmanı kimi mükafatlara layiq görülüb.
1964-cü ildə təqaüdə çıxan Cəmo bəy 1965-ci il iyul ayının 30-da Şamaxıda – Çuxuryurdda ürək xəstəliyindən vəfat edib. Xoşbəxtlikdən ölümündən qısa bir müddət öncə xatirələrini tamamlayıb nəşrə təhvil verib.
C.Cəbrayılbəyli təbiətşünaslığa dair bir çox kitabın müəllifidir. “Təbiətə ilk addım”, “Heyvanat dərsləri”, “İbtidai məktəbdə təbiət dərsləri”, “Azərbaycanın gənc naturalistləri”, “Dərman bitkilərinin toplanılması” kimi 30-dan artıq kitab ərsəyə gətirib. Vəfatından bir il sonra Azərbaycan Dövlət Nəşriyyatı C.Cəbrayılbəylinin xatirələrini çap edib.
Uşaqlıq illərindən etibarən pedaqoji fəaliyyəti ilə yanaşı çevrəsi haqqında da mühüm hadisələrdən bəhs edən Cəmo bəy Cümhuriyyət dövründə gördüyü işlərdən də bəhs edib.
Vəbadan zəlzələyə
Xatirələrinin ilk fəslini “Fərəhsiz günlər” adlandırmaqda Cəmo bəy olduqca haqlı olub. Onun uşaqlıq dövrünə təsadüf edən Şamaxı o zaman istər ictimai-siyasi, istərsə də təbiətin alın yazısı baxımından faciəli dönəmini yaşayırdı. XIX əsrin sonlarında Şamaxı əhli ağır xəstəliyə yoluxmuşdu: “30 minə qədər əhalisi olan şəhərdə təkcə bir həkim vardı. Belə bir müsibətin qabağında bir həkim nə edə bilərdi?! 1892-ci ildə Şamaxının başına gələn bu fəlakət vəba xəstəliyi idi”.
Fərəhsiz günlər yaşamasına bir səbəb də atasını erkən itirməyi idi: “Hələ 7 yaşında ikən atasız qaldım: ruhani idarədə xidmət etdiyi zaman, qazının saxta iş tutduğuna görə atam da onunla məhkəməyə verilmişdi və məsuliyyətə cəlb edilmələri xüsusda qərar qəbul olunmuşdu. Haqsız olaraq müsibətə uğramaqdan yaxa qurtarmağa çalışan atam baş götürüb başqa bir ölkəyə getmiş və qürbətdə vəfat etmişdi”.
Uşaqlıq dövründə həm mədrəsədə, həm də şəhər məktəbində təhsil alıb. Ona dərs deyənlər arasında Seyid Əzim Şirvaninin oğlu Mircəfər də olub: “O, rəsmən şəriət müəllimi idi. Lakin o da atasına oxşamışdı. Şəriət əvəzinə bizdə doğma ana dilinə, ədəbiyyata, elmə, biliyə, mərifətə həvəs və məhəbbət oyadırdı”.
1899-cu ildə o, Puşkinin doğumunun 100-cü ildönümü münasibətilə Şamaxı şəhər məktəbində keçirilən tədbirdə oxuduğu şeirə görə “Tərifnamə” və şairin kitabları ilə mükafatlandırılıb.
Xatirələrdən bəlli olur ki, o zamanlar məktəbin müdiri Mamaladze, rus dili müəllimi Eristov, coğrafiya müəllimi Doliyev, fizika-riyaziyyat müəllimi Saakyan olub. Dərslər rus dilində aparılıb.
1902-ci il Şamaxı zəlzələsinə şahid olan Cəmo bəy zəlzələ anını belə xatırlayırdı: “... Bacım bir az çörək və kasada iki küftə gətirib qarşıma qoydu. Saat təqribən ikinin yarısı olardı. İki-üç tikə yeməmişdim ki, birdən otağın tavanı parçalandı, gurultu ilə torpaq tökülməyə başladı. Dəhşət məni götürdü... Yer o qədər şiddətlə hərəkət edirdi ki, ayaq üstə dayanmaq belə mümkün olmurdu. Daşlar bir-birinin üzərinə qoz kimi yuvarlanırdı... Başımı yuxarı qaldırdıqda dəhşət məni bürüdü. Gördüklərimdən az qaldı ağlım çaşsın. Hər iki məscidin çox iri günbəzləri yerlərindən oynayıb o qədər əyilmişdi ki, hər ikisinin başındakı ayparalar az qalmışdı bir-birinə toxunsun... O zamanlar 27 minə qədər əhalisi olan Şamaxı yerlə-yeksan olmuşdu”.
Müəllimlik həyatı
O dövrdə müəllim olmaq üçün ən önəmli təhsil müəssisəsi olan Qori seminariyasında oxumaq arzusu Cəmo bəydə də vardı. 1902-ci ilin avqustunda o da Qoriyə imtahana gedib. Lakin onunla bərabər Qoriyə gedən digər gənc xüsusi tapşırıqlı olduğu üçün o, məktəbə qəbul edilib. Altı il sonra – 1908-ci ildə o, Şamaxı şəhər məktəbindən müəllimlik şəhadətnaməsi ala bilib.
Bu illərdə Cəmo bəy Şamaxının ictimai həyatında da digər ziyalılarla birlikdə önəmli xidmət göstərib. Abbas Səhhət, Sabir, Teymur ağa Xudaverdiyev kimi mütərəqqi şəxslərlə birlikdə 1907-ci ilin iyul ayında Şamaxıda qiraətxana-kitabxana açılmasına nail olub. Kitabxananın açılışına pul toplamaq üçün Şamaxıda insanlara tamaşa göstərilib, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin əsərləri oynanılıb.
1887-ci ildə Bakıda Sultanməcid Qənizadə və Həbib bəy Mahmudbəyov tərəfindən açılmış ilk rus-türk məktəbinin 25 illiyi 1912-ci ildə Şamaxıda qeyd edilib. Cəmo bəy təşkilati işlərdə iştirak edib, yubiley tədbirində mənzumə də oxuyub.
1915-ci ildə isə Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” əsərinin Şamaxıda ilk dəfə səhnəyə qoyulmasında Cəbrayılbəyli də iştirak edib.
Sabirin “Ümid”i, Səhhətin itmiş əsərləri
C.Cəbrayılbəyli xatirələrində Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Abdulla Şaiq və s. şəxslərə yer ayırıb. Sabirlə bağlı xatirələrindən bir epizod: “Şamaxıda var-yoxundan çıxıb “Ümid” adlı məktəb açmışdı. Yadımdadır, bir dəfə məni yenicə açdığı məktəbə çağırmışdı. Sabir o qədər şad, o qədər məsud idi ki, mən hələ Sabiri bu qədər şad görməmişdim”.
Cəbrayılbəylinin Abbas Səhhətin itmiş əsərləri barəsində yazdıqları da ədəbiyyat tariximiz üçün önəmlidir: “Səhhət “Əli və Aişə”, “Volqa səyahəti” adlı iki povestini ən yaxın dostlarına, o cümlədən mənə oxumuşdu. Bu əsərlər 1913-1914-cü illərdə yazılmışdı... Mənə belə gəlir ki, 1918-ci il qaçqını zamanı şair onları özü ilə götürə bilməmiş və Şamaxı yanarkən həmin əsərlər də yanıb tələf olmuşdur”.
Cəmo bəyin qeyd etdiyi bu hadisə ermənilərin Şamaxıda törətdikləri vəhşilik idi...
Cümhuriyyət dövründəki fəaliyyəti
Yuxarıda qeyd etdiyimiz kimi, Cəmo bəyin adı ara-sıra himnimizin sözlərinin müəllifi kimi qeyd edilir. Onun varisləri də bu iddiadadırlar. Amma bu barədə tutarlı bir fakt olmadığı üçün Əhməd Cavadın müəllifliyi keçərlidir.
27 iyun 1918-ci ildə Fətəli xan Xoyski hökuməti türk dilini bütün ölkə ərazisində dövlət dili elan etdi. Xoyskinin imzaladığı 28 avqust 1918-ci il tarixli “İbtidai, ali ibtidai və ümumi orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında” qərarla müəyyən edilirdi ki, bütün tədris müəssisələrində təlim yalnız ana dilində aparılmalıdır və dövlət dili olan türk dilinin məktəblərdə tədrisi məcburidir. Ali ibtidai məktəblərdə milliləşdirilmiş siniflərdə dövlət dilini bilməyən şagirdlər üçün türk dili sinifləri yaradılmalı, həmin siniflərdə dövlət dilinin 1918-1919-cu illərin sonunadək gücləndirilmiş şəkildə öyrədilməsi yolu ilə onlarda tədrisin iki il ərzində yalnız dövlət dilində aparılmasına keçilməli idi. Ümumtəhsil məktəblərinin 5-ci sinfindən yuxarı siniflərdə təhsil alan şagirdlərə rus dilində təhsili davam etdirməyə o halda icazə verilirdi ki, dövlət dili olan türkcənin orta məktəblərin bütün siniflərində məcburi fənn kimi öyrənilməsi təmin edilmiş olsun.
Cəmo bəy xatirələrində bu hadisələri dövrün tələblərinə görə yaza bilməsə də, illəri göstərməklə unudulmamasına çalışıb: “Biz indi daha cürətli hərəkət edir, əlbir işləyir, milliləşdirilmiş siniflərdə öhdəmizə düşən vəzifəni layiqi ilə yerinə yetirməyə çalışırdıq. 1919-1920-ci dərs ilinin əvvəlində realni məktəbdə təlimi ana dilində keçən üç sinif vardı. Əgər belə demək mümkündürsə, onları ana dilində təhsil verən yeni tipli məktəblərin ilk yetirmələri hesab etmək olar”.
Hüseyn Cavidin qonşusu
Cəmo Cəbrayılbəylinin yaxın dostlarından, müəllim həmkarlarından biri də Hüseyn Cavid idi. Onları Abdulla Şaiq tanış etmişdi. Onlar 1921-1933-cü illər arasında bir yerdə işləyib, həm də 8 il qonşu yaşayıblar: “Öz ailəsinə mehriban olan, arvadı Müşgünaz xanımı dərin məhəbbətlə sevən Hüseyn Cavid bizim ailəmizin də əzizi idi. Mən həmişə onlara gedəndə Cavidi bəzən binanın damının üstündə görərdim. Sonra öyrəndim ki, Cavid oradan şəhəri seyr etməyi sevərmiş... Xəstə gözlərini müalicə etdirmək üçün Berlində olmasından maraqlı əhvalatlar danışardı”.
Təəssüf ki, zəngin həyat yolu keçən, Azərbaycanın məşhur şəxsiyyətləri ilə yolları kəsişən Cəmo Cəbrayılbəyli adı bu gün yada salınmır. Ümid edirik ki, bu yazı və təqdim etdiyimiz şəkillər onun fəaliyyətinin yenidən tədqiqinə səbəb olacaq.
Qaynaq:
1. Cəmo Cəbrayılbəyli. “Xatirələrim”, Bakı, 1966.
2. Ədalət Tahirzadə, Dilqəm Əhməd. “Azərbaycan Cümhuriyyəti (1918-1920). Qısa tarixi oçerk”. Bakı, 2020.
3. Fotolar müəllifin şəxsi arxivindəndir.