Bəzi iaşə obyektləri və şadlıq saraylarının axşam saatlarında havaya tüstü, iy-qoxu yayması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət daxil olub.
Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Ramal Bağırov məlumat verib:
“Mütəxəssislərimiz tərəfindən restoranlarda təkrar monitorinqlər aparılıb və məlum olub ki, paytaxtın Nizami və Xətai rayonlarında fəaliyyət göstərən bəzi şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atılır.
Restoranlarda təmizləyici qurğular quraşdırılsa da, təəssüf ki, onlara vaxtında qulluq edilmədiyindən havaya yenidən tüstü və iy-qoxu yayılır.
Obyekt sahiblərinə xəbərdarlıqlar olunub ki, filtrləri vaxtında dəyişsinlər, havaya atılmaların qarşısını alsınlar və sakinlərə diskomfort yaratmasınlar”.