18 Fevral 2020 19:15
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüşdə zərgərlik sahəsində fəaliyyət göstərən və hökumət nümayəndələrindən ibarət İşçi qrupunun yaradılmasını təklif edib. Təşkilat zərgərliyin inkişafına hansı rolu oynaya bilər?

Bu barədə Teleqraf.com-a iqtisadçı-ekspert Pərviz Heydərov açıqlama verib.

O bildirib ki, İşçi qrupunun yaradılmasının yerli zərgərlik sənayesi və bu sahədə fəaliyyət göstərən sahibkarların müvafiq maraqlarının qorunması baxımından böyük əhəmiyyəti olar: “Çünki Azərbaycan illərdir qızıl istehsal edir və inhisarçı ölkələr sırasındadır. Bu sahədə bizim müvafiq valyuta gəlirlərimiz var. Amma bunun müqabilində yerli zərgərlik sənayesi zəif inkişaf edib, qiymətli metallardan zərgərlik məmulatlarının əldə edilməsi sahəsində vəziyyət ürəkaçan deyil”.

İqtisadçı düşünür ki, ölkədəki ticarət şəbəkələrində qızıl məhsullarının böyük bir qismi xarici bazara məxsusdur: “Halbuki Azərbaycanın bu sahədə tarixən zəngin ənənələri var. Necə ola bilər ki, bizim yerli sahibkarlıq fəaliyyətimiz bu dərəcədə zəif təşkil olunsun? Yerli sahibkarların fəaliyyəti nəzərə çarpmasın?

Gömrük və vergi rüsumlarının tətbiqinə, yerli sahibkarların mənafeyinin qorunması baxımından müvafiq tənzimləyici qərarlara ehtiyac var. Hesab edirəm ki, belə bir assosiasiyanın yaradılması, ümumiyyətlə, bu sahədə müvafiq idarəetmə orqanının, sturukturun təşkili ciddi irəliləyişə gətirib çıxarar”.

Pərviz Heydərovun fikrincə, yeni qurum yerli istehsalçıların mənafeyini qorumağa, sahibkarlıq fəaliyyətinin genişlənməsinə və şəffaf şəkildə təşkil olunmasına kömək edər: “Ən böyük problem odur ki, ölkəyə daxil olan zərgərlik məmulatları yerli məhsulları satış şəbəkələrindən tamamilə sıxışdırıb çıxarır. Əhali seçim edəndə yerli istehsalçıların əl əməyinə, onların məhsullarına nəinki rast gəlir, heç bu barədə düşünmür də... Yerli istehsal xarici məhsulla daxili bazarda rəqabət aparmaq gücündə deyil”.

İqtisadçı bildirib ki, sahibkarlar əsasən xaricdən keyfiyyəti məlum olmayan, dəyəri qiymətindən aşağı məhsulların ölkəyə gətirilməsi ilə məşğul olur: “Bu sahədə yerli sahibkarlıq fəaliyyəti inkişafına diqqət yetirilməlidir. Əgər gömrük və vergi rüsumlarına xüsusi diqqət yetirilsə, həmin qiymətlər öz məcrasına düşəcək”.

Ekspertin fikrincə, hazırda daxili qızıl bazarında rəqabət yoxdur: “Bazarda tələb və təklifin qiyməti müəyyən edilir. Vətəndaşlar zərgərlik məmulatı alanda onun keyfiyyəti və mövcud qiymətə necə uyğunlaşması barədə məlumatlı deyillər. Qiymət hansı əsasla qoyulur? Həmin qiymətin ortaya çıxmasında rəqabət şərtləri varmı? Bu şərtlərin heç biri ödənmir. Ümid edirik ki, bu sahədə problemlər bundan sonra qaydasına qoyulacaq”.


Müəllif: Aysel Azad