“İran Azərbaycanla sərhəd olduğundan çox sayda insan gediş-gəliş edir. Ona görə də tövsiyə edərdim ki, həyati vacib məsələ olmadığı təqdirdə İrana gedilməsin. Əgər gediləsi olsa belə vətəndaşlarımız təhlükəsizlik tədbirlərinə ciddi fikir verməlidirlər”.
Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
O bildirib ki, virusdan qorunmaq üçün əllər müntəzəm şəkildə yuyulmalı, düzgün və sağlam qidalanmaya üstünlük verilməli, koronavirus epidemiyası yayılan ərazilərdə olarkən xəstə şəxslərdən kənar durulmalı, qoruyucu maskalardan istifadə edilməlidir: “Xüsusilə də koronavirusun qeydə alındığı İranın Qum şəhərinə gedilməsin. İrana gedib qayıdan insan özündə hər hansı şübhəli hal aşkar edərsə, həkimin onu müayinə etməsini gözləmədən özü də birbaşa xəstəxanaya müraciət etməlidir”.
Baş infeksionist qeyd edib ki, Azərbaycanda bugünədək koronavirus şübhəsi ilə bağlı heç bir fakt qeydə alınmayıb: “Çindəki hadisələrlə bağlı Azərbaycan onsuzda qabaqlayıcı profilaktik tədbirlər həyata keçirirdi. İranda qeydə alınan faktlar ölkəmizdə müvafiq qurumların daha ayıq-sayıq olmasını zəruri edir. Çünki sərhəd ölkədir və gediş-gəliş çoxdur. Artıq sərhəd-keçid məntəqələri bağlanıb. Güman etmirəm ki, İrandan Azərbaycana virusun keçməsi baş versin, amma yenə də ehtiyatlı olmaq mütləqdir”.
C.İsayev İrandan qayıdan Cəlilabad rayon sakinlərinin vəziyyətinin ağır olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara da münasibət bildirib. O deyib ki, bununla bağlı heç bir məlumata malik deyil: “Mənə bu barədə heç bir məlumat verilməyib. Əgər kimisə xəstəxanaya aparıblarsa belə, o demək deyil ki, həmin şəxs koronavirusa yoluxub. Dəqiq diaqnoz üçün gərək həmin şəxs müayinə oluna, analiz götürülə və sonda yekun qərar verilə”.
Baş infeksionist Azərbaycan vətəndaşlarına müraciət edib. C.İsayev hər kəsi qoruyucu maskalardan istifadə etməyə çağırıb: “Respirator sindromu olanlar mütləq maska taxmalıdırlar. Çünki onların xəstəlik yayma ehtimalı daha yüksəkdir. Yaxşı olar ki, xəstə insanlar ya ev, ya da ağır olacağı təqdirdə xəstəxana şəraitində müalicə alsınlar. Hər respirator virus infeksiyası əlaməti olan şəxslərə koronavirusa yoluxub demək olmaz. Respirator xəstəliklər mövsümüdür. Çünki hər iki xəstəliyinin qoruyucu tədbirləri eynidir. Yazın gəlişi bu virusun səngiməsinə səbəb olacaq. Çünki virusların yüksək temperatura dözümü yoxdur. Koronavirus müsbət 37 dərəcə temperaturda 10-15 dəqiqəyə, otaq temperaturunda isə 2-3 günə tələf olur”.
O əlavə edib ki, yaşlı insanlar daha daha diqqətli olmalıdır: “Həmin şəxslərdə istənilən respirator infeksiyası ağır formada keçir. Çünki yaşlı insanların həyat boyu qazandıqları müəyyən xroniki xəstəliklər orqanizmlərinin immun sistemini zəiflətmiş olur. Çində koronavirusdan həlak olanların 80%-i məhz yaşlı insanlar olub”./Report/