Albaniyanın innovasiya və dövlət idarəçiliyi naziri Milena Harito Azərbaycana səfərə gəlib. Səfərdə məqsəd “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etməkdir.
Qeyd edək ki, tədbir Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçiriləcək. Səfər çərçivəsində xanım Harito rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşüb.
Teleqraf.com xəbər verir ki, nazir görüşdə Azərbaycanda rabitə və yüksək texnologiyalar sektorunda həyata keçirilən islahatlar, regional və beynəlxalq əhəmiyyətli layihələr və əldə olunan uğurlarla bağlı qonağa ətraflı məlumat verib. Ə.Abbasov albaniyalı həmkarını iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirmək məqsədilə cari ilin 2-5 dekabr tarixlərində keçiriləcək “Bakutel” sərgi-konfransı çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya İqtisadi Forum və Azərbaycan hökumətinin iştirakı ilə reallaşacaq “Əşyaların İnterneti” beynəlxalq tədbirinin Nazirlər Konfransına dəvət edib.
Görüşdə M.Haritonun Azərbaycana edəcəyi növbəti səfərində iki ölkə arasında rabitə və yüksək texnologiyalar sahəsində hüquqi bazanın və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində Anlaşma Memorandumunun imzalanması məsələsinin müzakirə edilməsi qərara alınıb.
Albaniyalı naziri Azərbaycanın elektron hökumət, informasiya-kommunikasiya və yüksək texnologiyalar sahəsində həyata keçirdiyi tədbirlərin Qərbdə, xüsusilə də Albaniyada böyük maraqla izlənildiyini qeyd edib. O, rəsmi Bakının uğurlu təcrübəsindən yararlanmağın Albaniya üçün faydalı olacağını bildirib.
Əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsində Albaniya tərəfinin maraqlı olduğunu bildirən M.Harito ölkəsinə qayıtdıqdan sonra yerli İT şirkətlərini “Bakutel” sərgi-konfransında iştirakla bağlı məlumatlandıracağını deyib.
İlhamə