Koronavirus qurbanlarının sayı hələ ki artmaqda davam edir. Dünya əhalisi bu epidemiyadan qorunmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Virusa yoluxmamaq üçün taxılan tibbi maskaların sayı isə tükənnməkdədir. Bu maskalar əsasən Çində istehsal olunsa da, virusun mərkəzi hesab olunduğuna görə dünya ölkələrində ixracat dayandırılıb. Elə bu səbəblə qonşu ölkə Gürcüstan tibbi maskaların istehsalına başlayır.
Maraqlıdır, bəs Azərbaycan bu istiqamətdə addım atırmı?
İqtisadçı ekspert Əkrəm Həsənov mövzu ilə bağlı Teleqraf.com-a açıqlamasında bildirib ki, ölkəmiz daha əvvəl buna ehtiyac hiss etməyib və hazırkı vəziyyət də müvəqqətidir: “Maska istehsalı elə də çətin deyil. Tibbi maskaları əsasən Çində istehsal edirlər. Çində işçi qüvvəsi ucuzdur və maskanın maya dəyəri aşağıdır. Bu baxımdan maskanı özümüzün istehsal etməyimiz bizə baha başa gələcək.
Burada vacib məqam ondan ibarətdir ki, belə ucuz məhsullarda maya dəyərinin əsas hissəsi istifadə olunan material deyil. Maya dəyərini artıran əmək haqqıdır, bizim insanlar elə aşağı əmək haqqı ilə işləməyəcəklər. Bu baxımdan da sahibkarlara və dövlətə maska istehsal etmək sərf etmir”.
Ekspertin fikrincə, Gürcüstandan fərqli olaraq Azərbaycan tibbi maska istehsalına başlamayacaq: “Sahibkarlar hesab edirlər ki, bu virus uzunmüdddətli deyil. Buna görə də maskalara tələbat aradan qalxanda onu xaricə satmaq mümkün olmayacaq. Çünki məhsullarımız qiymət göstəricisinə görə Çinlə rəqabət apara bilməz.
Gürcüstan isə istehsala başlayıb. Virus dövrü bitdikdən sonra da məhsullarını qonşu ölkələrə satmağı planlayırlar”.