Dərman vasitələrinin, habelə tibbi spirt və maskaların qiymətində baş verə biləcək süni artımın və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən intensiv monitorinq və yoxlamalar davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, aparılmış yoxlamalar zamanı “Buta Farm” MMC-nin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 30A və Nəsimi rayonu, S.Vurğun küçəsi, 112 ünvanlarında yerləşən apteklərində, “Zeytun Pharmaceuticals” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, 69, Yasamal rayonu, H.Zərdabi prospekti, 89 və N.Hikmət küçəsi, 26/27 ünvanlarında yerləşən apteklərində, “Vita Aptekləri” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, 18A ünvanındakı aptekində, “İntermed Plyus” MMC-yə məxsus Sumqayıt şəhəri, məhəllə 40 ünvanındakı aptekdə, “Dokta” MMC-nin Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, 78B ünvanında, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 62 və Şəki şəhəri, M.Rəsulzadə küçəsində yerləşən apteklərində dərman vasitələrinin satışında qiymət intizamına əməl olunmadığı aşkarlanıb, müvafiq protokollar tərtib edilərək toplanmış sənədlər məhkəmə orqanlarına göndərilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dərman vasitələrinin, habelə tibbi spirt və maskaların satışı zamanı qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı yoxlamaları davam etdirir.