Bu gündən İpoteka və Kredit Zəmanət Fondunun (Fond) kirayə mənzil mexanizmi üzrə sənədlərini təqdim edərək Fonddan razılıq qərarı əldə etmiş vətəndaşların elektron sistem vasitəsilə mənzil seçimi başlayıb.
Teleqraf.com bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, artıq 77 vətəndaşdan 25-i onlara təyin olunan maksimal aylıq ödəniş məbləğinə uyğun olaraq mənzil seçimi edib. Yaşayış sahələrinin seçilməsi qaydası ilə "Elektron ipoteka və kredit zəmanət sistemi"ndə (EİKZS) yerləşdirilmiş video-təlimat vasitəsilə tanış olmaq mümkündür.
Qaydalara əsasən, vətəndaş 3 iş günü müddətində elektron sistemdə kirayə üçün yaşayış sahəsini seçməlidir. Vətəndaş yaşayış sahələrinin siyahısından mənzil seçimi etdikdə digər şəxslərin həmin mənzili seçmə imkanı elektron sistem vasitəsilə məhdudlaşdırılır. Yaşayış sahəsinin seçilməsi barədə ərizəçinin elektron kabinetinə göndərilən bildirişdə kirayə müqaviləsinin bağlanması müddəti və müqavilənin rəsmiləşdirilməsinin aparılacağı yer barədə məlumat əks olunur. Mənzil seçimi edən vətəndaşla Fond arasında kirayə müqaviləsi bağlanılır. Kirayə müqaviləsi bağlanıldıqdan sonra 3 iş günü ərzində vətəndaş aylıq ödənişin ən azı 12 misli məbləğində pul vəsaitini Fonda ödəməlidir. Bununla kirayə müqaviləsi qüvvəyə minir və ərizəçi kirayəçi statusu qazanır. Bundan sonra kirayə müqaviləsində nəzərdə tutulan müddət ərzində yaşayış sahəsi kirayəçiyə təhvil-təslim aktı əsasında təhvil verir.
Ümumilikdə kirayə mənzil üçün müraciətin qəbulu və baxılmasından kirayə müqaviləsinin rəsmiləşdirilməsinə qədər olan prosesin müddəti maksimum 15 iş günü təşkil edir.
Fond EİKZS vasitəsilə kirayə mənzil modulu üzrə elektron müraciətlərin qəbulunu da davam etdirir. Məlumata əsasən, bugünədək elektron sistemdən istifadə edərək kirayə mənzil xidmətinə müraciət edənlərin sayı aşağıdakı kimidir:
EİKZS-də elektron kabinet yaradanlar | 8 117 |
Müraciət formalaşdıranlar | 7 312 |
Müraciət göndərənlər | 5 657 |
Sənəd təqdim edənlər | 221 |
Razılıq qərarı alanlar | 77 |
Mənzil seçimi edənlər | 25 |
Mənzillərin qiymətlərinə gəlincə, Fondun kirayə təklif etdiyi mənzillər orta bazar qiymətlərindən daha aşağı qiymətlərlə alınıb. Fondun aldığı mənzillərin orta bazar qiyməti ümumi mənzil fondu üzrə 1 300 manata yaxındır. Nəzərə almaq lazımdır ki, bu mənzillər alış anına tam təmirli, çıxarışı olan mənzillərdir.
Hamıya məlumdur ki, yeni tikililərdəki mənzillərin satışı və satış qiymətinin formalaşması xarici divar ölçüləri (brutto) əsasında həyata keçirilir. Lakin təklif olunan kirayə mənzillərin elektron sistemdə qeyd olunan sahəsi, onların daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında qeyd olunan ölçüləri, yəni iç divardan ölçmə üsulu (netto) ilə müəyyən edilən ölçüləridir.
Eyni zamanda satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində kirayəçinin ödədiyi aylıq ödənişin məbləği müəyyən xərclər əsasında formalaşır. Bunlar yaşayış sahəsini Fondun satın aldığı qiymətdən, habelə yaşayış sahəsinin satın alınması ilə bağlı digər xərclərdən, Fondun bu məqsədlər üçün cəlb etdiyi vəsaitin dəyərindən, yaşayış sahəsini Fondun sığortalaması ilə bağlı xərclərdən, yaşayış sahəsini Fondun saxlaması və idarə etməsi ilə bağlı xərclərdən, ehtiyatlar üzrə ayırmalardan ibarətdir.
Hazırda Fondun daxili bazarlardan təmin edilmiş istiqrazların və ipoteka istiqrazlarının emissiyası vasitəsilə cəlbetmə faizi illik 3% təşkil edir. Bundan başqa, Qaydaya əsasən yaşayış sahəsi müstəqil qiymətləndiricinin müəyyən etdiyi bazar qiymətindən az olmamaq şərtilə sığortalanmalıdır. Bununla bağlı Fond əmlakın bazar dəyərinə uyğun olaraq könüllü sığortasını, icbari sığortasını, eləcə də mənzil üzrə mülki məsuliyyətin icbari sığortasını həyata keçirir.
Qeyd olunanlarla əlaqədar bildiririk ki, kirayəçinin ödədiyi aylıq ödənişlərin hesablanması zamanı Fond yalnız yuxarıda qeyd olunan faktiki xərcləri nəzərə alıb və ümumiyyətlə, bu mexanizmin tətbiqində Fondun gəlir əldə etməsi nəzərdə tutulmur.
Fondun mənzilləri uzun müddətə (25 il) ödəmə imkanı ilə satmaq öhdəliyi ilə kirayəyə verdiyini nəzərə alsaq, bu müddət ərzində hər hansı makroiqtisadi göstəricilərin dəyişməsi, mənzil bazarında və kirayə bazarında qiymət dəyişiklikləri, habelə Fondun müqavilə bağlanma anına üzərinə götürdüyü xərclərin artması kirayəçi üçün müəyyən edilən aylıq ödənişin dəyişməsinə səbəb olmur və bu müddət ərzində kirayəçi Fonda sabit məbləğdə aylıq ödənişlər edir. Əlavə olaraq, qeyd etmək lazımdır ki, kirayəçi müqavilənin bağlanmasından 3 il sonra tam ödəniş etmək istədikdə qalıq dövr üzrə xərclər kirayəçiyə güzəşt edilir.