14 Mart 2020 17:07
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kərbəla hava limanının ABŞ tərəfindən vurulması sadə məsələ deyil. ABŞ İmam Hüseynin Ziyarətgahı İdarəsi tərəfindən inşa olunan bu hava limanını vurmaqla (hamı bilir ki, orda hərbi obyekt yoxdur) sanki mesaj vermək istəyir. Yəni mən hər halda toxunulmazam. Mənə toxunsanız, sizin bütün obyektləriniz vurula bilər.

Bu sözləri Teleqraf.com-a şərqşünas alim Samid Paşa son günlər ABŞ-ın İraqa endirdiyi hava zərbələrini şərh edərkən deyib.

Mütəxəssisin fikrincə, ABŞ-ın bu yerə qədər özündə cəsarət tapıb hücuma keçməsi İraqda kəsərli sözü olan hakimiyyətin yoxluğuna işarədir:

“Bir qədər geri qayıdaq. Ötən il İraqda iqtisadi problemlərlə bağlı aksiyalar olanda elə şiə partiyaları da haya-küyə gedib, cəmi 3 aydır hakimiyyətə gələn Adil Əbdül-Mehdi hökumətinin istefasını tələb etdilər. Baş nazirə o qədər təzyiqlər göstərildi ki (təzyiqlərin bir qismi də Ayətullah Sistaninin dəftərxanası və Müqtəda Sədrin fraksiyası tərəfindən həyata keçirilirdi), axırda özü məktub yazıb istefa verdi.

Gün kimi aydın idi ki, iqtisadi məsələlərlə bağlı aylardı sürən aksiya və toqquşmalar artıq kontroldan çıxıb və onu ABŞ və Səudiyyə istədiyi kimi istiqamətləndirə bilir. Yəni iraqlılar legitimliyi elə öz əllərilə vurdular və seçdiklərini 3 ay sonra istefaya göndərdilər.

İndi həmin istefanın üstündən 3 ay keçib, hələ də yeni hökumət təşkil edə bilmirlər. Məlumdur, yeni güclü və qüdrətli hökumət olmalıdır ki, parlamentın qərarını icra edə bilsin və ya Kərbəla hava limanı vurulanda əcnəbi qüvvələrə “mən burdayam” deyə bilsin”.

Şərqşünasın fikrincə, son aylar Livan və İraqda baş verənlər göstərdi ki, bu iki ölkədə uzun əli olan ABŞ və Səudiyyə siyasi boşluqdan və hökumətin olmamasından lazımınca yararlanır: “Səudiyyə və ABŞ Livanda hətta öz müttəfiqi baş nazir əl-Həririnin getməsinə imkan yaratdılar ki, baş verəcək xaos şəraitində Hizbullah və “Əməl”i vura bilsinlər.

Amma Hizbullah Livanda istənilən hökumətin təşkilinə razılıq verməklə ABŞ və Səudiyyənin xaos siyasətinə imkan vermədi və sonda Livanda mötədil Hassan Diab hakimiyyətə gəldi. Eyni vəziyyət İraqda da baş verir. Bu gün İraqda mövcud olmayan dövlətçilik ənənəsidir. Seçkilərin nəticəsi olaraq meydana çıxan hökumətləri də elə özləri haya-küyə düşüb istefaya məcbur edirlər.

Üçüncüsü, burada deyilməsi vacib olan başqa bir məsələ var. O da ABŞ-ın siyasi boşluq böhranı yaşayan İraqa iqtisadi təzyiqləri və hədələridir. İraq parlamenti ABŞ qüvvələrinə çıx deyən kimi, Tramp İraqın ölkə banklarında olan 30 milyard dollarının dondurulmasından və güya bu pulların İraqda inşa edilmiş qərargahlara görə götürülməsinin mümkün olduğundan danışdı.

Hələ bu azmış kimi ABŞ İrana qarşı sanksiyalar fonunda hər mövsümdə bir İraqı hədələyir və ona “sənə daha 3 ay icazə verirəm ki, İrandan qaz və elktrik idxal edəsən” deyərək təzyiqlər göstərir.

Kərbəla hava limanının vurulması İraqda axsayan hökumət qurumlarını hər hansı tutarlı addım atmağa vadar edəcəkmi? Düşünürəm ki, xeyr. Uzaqbaşı etiraz bəyanatı və nota olacaq. Hətta İraqda Ayətullah Sistani tərəfindən də hər hanıs bir tutarlı çağırışn olmayacağını düşünürəm”.


Müəllif: Cavad

Oxşar xəbərlər