Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 epidemiyasının yayılmasının qarşısının alınması istiqamətində atdığı bütün addımları izləyirəm. Başqa ölkələrdə həyata keçirilən tədbirlərlə Azərbaycandakı tədbirləri də sözsüz ki, müqayisə də edirəm. Sözün açığını deyim ki, Azərbaycanda həyata keçirilən tədbirlər həm miqyasına, həm də intensivliyinə görə heç də başqa ölkələrdəki tədbirlərdən geri qalmır.
Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
O qeyd edib ki, insafən ortada nəticələr də var:
“Koronavirusa yoluxanların sayına görə Azərbaycan ən sonuncu yerlərdən birində dayanır. Eyni zamanda təhlükəli virusun yayılma sürəti də ölkəmizdə xeyli zəifdir. Bütün bunlar aydın məsələdir ki, həyata keçirilən tədbirlərin nəticəsidir. Bu tədbirlər indiyədək cəmiyyət tərəfindən anlayışla qarşılanıb. Həyata keçirilən bütün məhdudlaşdırıcı tədbirlər insanların bu virusdan maksimum şəkildə müdafiə olunmasına yönəlib. Düzdür, bu tədbirlər insanların rahatlığına, yaşayışına qismən təsir edə bilər. Ancaq biz bir cəmiyyət olaraq bunu da anlayışla qarşılamalıyıq. Çünki burada söhbət insanların sağlamlığından, ölkənin milli təhlükəsizliyindən və ümumi şəkildə dövlətin, cəmiyyətin sabit şəkildə inkişaf etməsindən gedir”.
Aydın Quliyev qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın həyata keçirdiyi tədbirlər bir sosial tələb olaraq cəmiyyətin özündən gəlir:
“Bu barədə qərar qəbul edilməzdən əvvəl cəmiyyətin özündən belə çağırışlar var idi. Şəxsən özüm şahid olmuşdum ki, cəmiyyətdən kütləvi tədbirlərin təxirə salınması ilə bağlı təklif və tələblər səsləndirilir. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargahın gördüyü bütün tədbirlər eyni zamanda cəmiyyətin sosial tələbidir. Güman edirəm ki, cəmiyyətin bu tədbirlərə dəstəyi və ona əməl etməsi həyata keçirilən tədbirlərin böyük uğur qazanmasının birinci vacib şərtidir”.
Qeyd edək ki, infeksiyanın dünya ölkələrində geniş yayılması ilə əlaqədar ÜST tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunması Azərbaycanda əlavə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurətə çevirib. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət olunması üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqi qərara alınıb. Tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur.