16 Mart 2020 21:54
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah ötən həftədən etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri tətbiq edir. Koronavirus həyəcanı ilə əhali marketlərə axın etməyə başladı. Sosial şəbəkələrdə marketlərdə guya ərzaq qıtlığının yaşanması ilə bağlı süni ajiotaj yaradılır.

Teleqraf.com-un əməkdaşları gigiyena tədbirləri və ərzaqla bağlı vəziyyəti öyrənmək üçün supermarketlərə baş çəkib, vəziyyətlə tanış olublar.

Olduğumuz marketlərdə qapıda nəzarətçilərin müştərilərə dezinfeksiyaedici məhsuldan istifadə etməyi tövsiyə etdiklərinin şahidi olduq. Eyni zamanda, qapıda əhaliyə birdəfəlik istifadə üçün rezin əlcəklər təqdim olunur. Digər diqqətçəkən hal isə işçilərin maskadan istifadə etməsidir.

Daha sonra olduğumuz marketlərdə vitrinlərə diqqət etdik. Sosial şəbəkədə yayılan fotolarda konserv və paxla məhsullarının tükənməsi göstərilsə də, biz bunun əksinin şahidi olduq.

Həmsöhbət olduğumuz marketlərdən birinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı bildirdi ki, təşvişə səbəb yoxdur və kifayət qədər ərzaq mövcuddur: “Müştərilərimizin təhlükəsiz alış-verişini təmin etmək məqsədilə market girişlərində xüsusi dezinfeksiyaedici aparatlar quraşdırılıb. Müştərilərin əllə təmasda olduğu əşyalar, səbətlər, əl arabaları, kassa ətrafı mütəmadi olaraq dezinfeksiya edilir.

Bundan başqa, xüsusilə, meyvə-tərəvəz bölməsində müştərilərə birdəfəlik əlcəklər təklif olunur. Mağaza əməkdaşları xüsusi tibbi maska və əlcəklərdən istifadə edir”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər