20 Mart 2020 09:05
2 594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı yazıçı İlham Əzizovdur.

Onunla müsahibəni təqdim edirik:

- İndi kimi dindirsən, “yalnızam” deyir. Vaxtilə Nitsşe kimi bir dahi də yalnızlığa məhkum olduğunu deyirdi. Nə düşünürsünüz, niyə insanlar bir-birindən belə qopuqdur, yəni yalnızlığa meyllidir?

- İnsan dərketmə qabiliyyəti olan canlıdır. Dərk edən isə həyatın fani olması qənaətindədir. Yaşam şərtləri ya çox ağır olanlar, ya da çox yüngül olanlar təkliyi problemə çevirirlər. Bir də bunun fəlsəfi mənasını düşünənlər var, biri elə sizin misal çəkdiyiniz Nitsşe. Əslində yeni texnologiyalar insanlara ulaşmağı asanlaşdırıb, amma həm də yaxınlıq, toxunma, bir-birinin aurasını hiss etməyi aradan çıxarıb.

- Səbəbi yox etməklə problemi həll etmək mümkündürmü? Məsələn, Kinqə görə, problemin həll yolu bundadır.

- Səbəbin yox edilməsi bəzi hallarda mümkün deyil. Bəzən bu səbəbləri dəqiqləşdirmək səylərinin özü müşkülə çevrilir. Mənə görə problemlə mübarizə daha həyatidir və həyat immuniteti yaradır.

- Həqiqətənmi insan kimi doğulmaq bir mükafatdır? İndi kimə baxsan, öz həyatından şikayət edir, başqalarına, insan kimi doğulmağına lənət yağdırır, yəni az qala kimsə məmnun deyil.

- Bütün müqəddəs mətnlər insanı yaradılışın mərkəzinə qoyur. Həqiqətən də bilgi və bacarığına görə, insanın gözlə görünən kainatda tayı-bərabəri yoxdur. Amma varlıq olaraq biz monotonluğa nifrət edirik. İnsan öz qədrini kütləvi qırğınlar , müharibələr, xəstəliklər zamanı daha yaxşı qiymətləndirir. Hazırkı dövrdə dünyanı cənginə almağa başlayan epidemiyaya görə bütün insanlar səfərbər olub, yerdə yaşamı davam etdirmək üçün göstərdiyi səylərə diqqət edin.

- Həmişə insanın beynini gəmirən keçmiş gələcəyini əlindən alırmı? İndi buna inananlar çoxdur...

- Keçmişdə ilişib qalmaq insanı duyğusallığa, reallıqdan uzaqlaşmağa sövq edir. Amma keçmiş həm də ədəbiyyatın xammalıdır. Xatırlamaq insana verilmiş ən böyük nemətdir. Gələcəyi düşünmək isə düşüncə qabiliyyətinin gimnastikasıdır.

- Sizcə, dinlər cənnət və cəhənnəm vəd etməsəydi, bunların insanlar üçün bir anlamı qalacaqdımı?

- İnsanın ən qorxduğu məqam yox olma məqamıdır. Dinlər “cənnət və cəhənnəm” vəd etməsəydi belə, insan ölümdən sonra üçün müəyyən plan quracaqdı. Bu ifadələrə tam inam və imanın olması da sual altındadır. Bu fanilikdən qaçış zolağıdır. Amma hər halda bu zolağı bizə hazır şəkildə bəxş etdiyinə görə dinlərə təşəkkür borcluyuq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər