3 Aprel 2020 09:05
7 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı şair Aqşin Yeniseydir.

Onunla müsahibəni təqdim edirik.

- Sosial şəbəkədəki paylaşımızda Haydeggerə ünvanlanmış bu suala diqqət çəkirsiniz: “Rasional və demokratik, eyni zamanda Marksist dünyadan fərqli bir dünyanı necə yaratmaq olar?”. Habelə filosofun suala bu cavabına: “Bizi yenə bir tanrı xilas edə bilər”. Sizin bu sual ətrafında fikriniz nədir, yeni bir tanrı, belə desək, fərqli dünya üçün gələcəyin tanrısı nədir?

- Haydeggerin belə dediyinə baxmayın, XIV əsrdə “Qara ölüm” deyilən vəba yenə Çinin yenə Uxan şəhərindən gəlib Avropanı qırıb-çatanda insanlar Haydeggerin nəzərdə tutduğu tanrıdan imtina etdilər. “Qara ölüm” xristianlığın sonu oldu. Din utanc içində kilsələrə qapandı. Vəba Dantenin, Bokaççonun, Rablenin yaradıcılığında ilk humanist ideyaların görünməsinə səbəb oldu. Vəba mikrobları həm də Avropa Maarifçiliyinin rüşeymləri idi. Vəba romanı yaratdı və sənət ilk dəfə tanrıların deyil, insanların əhvalatını danışmağa, əbədiləşdirməyə başladı. Fransız yazıçı Malro jurnalistlərə verilən bu sualın cavabını “Sükutun səsləri” romanında verməyə çalışır. “Humanist idealizm” deyə biləcəyimiz bir şey təklif edir və Haydeggerin arzuladığı arxaikliyin qayıdışından narahat olduğunu dilə gətirir.

Nəzərə alaq ki, “Qara ölüm” yayılanda dünya yalnız üç qitədən ibarət idi – Asiya, Avropa və Afrika. Dünyanın o biri yarısı kəşf olunmamışdı. Yəni indiki pandemiyaya görə günahlandırılan rasional modernizm, yaxud marksist kainat deyə bir şey yox idi. İnsan təbiəti işğal etməmişdi. Demək ki, daha dərin səbəblər axtarmalıyıq. Mənə görə, bu gözgörünməz mikroblar yüzillərdir bizə bu mesajı ötürür; həyatı bir təsadüf kimi biz yaratdıq, onu təsadüf kimi də biz məhv edəcəyik. Dünyada tanrı və mikrob arasında bir savaş gedir. Biz bu savaşın əsgərləri və qurbanlarıyıq. Dünyanın əşrəfi-zadı deyilik. Həyat təsadüfün əsəri və əsiridir.

- Bir yazınızda qeyd edirsiniz ki, azadlıq istəyi mədəni deformasiyaya uğradılmış seks istəyidir. Maraqlı və təsdiqini tapmış bir fikirdir. Belə desək, insanların azadlıq anlayışının daha çox bu məsələ ətrafında formalaşdığı haqda fikriniz nədir?

- Bu, çox geniş mövzudur. Mən bu cümləni “Soyuq müharibə” zamanı Qərbin totalitar kommunizmi məhvetmə taktikası olaraq “populyar kültür” deyilən və insanın bioloji azadlığını önə çıxaran qlobal lahiyəsindən danışarkən yazmışdım. Mişel Fukonun məşhur “bioiqtidar” anlayışı var, izahı budur ki, iqtidarlar bədənlərə nəzarət edir. Mən bu anlayışdan yola çıxaraq “bədənlərimiz kimə məxsusdur” adlı bir yazı da yazmışdım. Totalitar rejimlərin insan üzərində apardığı siyasi-sosial təcrübələrə baxsaq, bunu aydın görəcəyik ki, yuxarılar həmişə insanların bədənləri ilə maraqlanırlar. Bədəni zərərsizləşdirsən onun hisslərini, instintklərini də zərərsizləşdirmiş olarsan, o cümlədən azadlıq ehtiyacını da. Ona görə də totalitarizm həmişə çalışır ki, insana bioloji varlıq olduğunu unutdursun, onu ideoloji varlığa çevirsin.

Qərb “populyar kültür” çal-çağırı ilə “seksin olmadığı” sovet imperiyası vətəndaşlarının yadına onların bioloji hislərini saldı və vətəndaşlar ideoloji kimliklərinin uydurma olduqlarını anladılar. Tarixin bütün dövrlərində də belə olub; ideoloji kimlik həmişə bioloji kimliyə uduzub. Zindanda Qıpçaq Məliyin kənizinə murad vermək istəməyən Beyrək kimi bəzi istisnaları çıxmaqla. Müqəddəs kitabların özü başdan-başa bədən tərbiyəsi qaydalarıdır. Əxlaq dediyimiz şeyin heç bir mənəvi səbəbi yoxdur, bu, sadəcə, bədənlərə nəzarət sistemidir. İnsan heç vaxt əxlaqsız varlıq olmayıb, heyvanlar kimi. Amma tarixin bütün dövrlərində onun üçün əxlaq qaydaları uydurublar. Musanın əxlaq qaydalarına görə, qardaş qardaşın arvadını ala bilərdi, İsanın əxlaq qaydalarında bu, lənətləndi və qadağan olundu.

- Sizcə, elm kainatın niyə mövcud olduğunu tapsa, bu, onun dinlər qarşısında inqilabi qələbəsi olacaq, yoxsa məyusluğu?

- Eskatalogiya ilə heç vaxt məşğul olmamışam. Amma bu məsələlərdən yazan kitablardan da az-çox xəbərim var. Din kimi, elm də dünyanın sonu ilə maraqlanır. Necə başa çatacaq bu həyat? Din deyir ki, dünya qlobal əxlaqsızlığın qurbanı olacaq, bizi daha bəşəri bir “Babil əxlaqsızlığı” gözləyir, yəni “Dünya” adlı bu serialın sonuncu seriyası qlobal bir pornoqrafiyanın canlandırılması ilə başa çatacaq. Deyim ki, pis sonluq deyil.

Elm isə hipervulkanlardan, pandemiyalardan, nüvə müharibələrindən danışır. Yuval Harari, Frederik Kek, Cerad Daymond kimi dünyanın bioqrafiyası ilə məşğul olan intellektuallar insanı işğal etdiyi təbiətdən geri çəkilməyə çağırırlar. İnsan təbiətdə özünün yaratdığı boşluqları özünün süni ehtiyacları ilə doldurur. O, hələ təbiətin necə böyük bir qüvvə olduğunu dərk etmir. “Qara ölüm” Avropada dindarlar pişikləri şeytan adıyla öldürdükləri üçün yayılmışdı. İnsan hər yerdə öldürür, təbiət öz övladlarının qisasını alacaq bizdən.

Ferederik Kek bu pandemiyanın fonunda verdiyi müsahibədə deyir ki, biz heyvanlara yuxarıdan-aşağı baxmaqla böyük səhv edirik. Onların təbiətdəki yerini ələ keçirib, özlərinin genetik özəlliklərini yox edirik və s. Onlar da yarasaları “kamikadze təyyarələri” kimi bizim üstümüzə göndərirlər. Koronavirus son olmayacaq, bu hələ başlanğıcdır. Dünyada artıq heç bir canlı insan kimi barbarcasına doğub-törəmir, bu cür davam etsə, sonumuz daha dəhşətli olacaq. Çalışıb o vaxta qədər ölmək lazımdır.

- Nə düşünürsünüz, süni intellektin inkişafı insanalıq üçün xoş sürpriz hazırlayır, ya sona aparır? Məsələn, Hokinq süni intellektin bəşəriyyətin sonuna çıxacağını iddia edirdi.

- Bu gün dünyada milyonlarla müsəlman uşaq bir ingilisin pişiyinə göstərilən tibbi xidmətdən məhrumdur. Hər cəmiyyət əvvəlcə öz problemlərini həll etməlidir. Açığı, nəinki süni zəka, Allahın bir qutu başağrı dərmanını yarada bilməyən cəmiyyətlərin süni zəkanın dünyanı məhv edəcəyindən danışması mənə etik görünmür. Bu da intellektual tərbiyəsizlikdir. Yarımcan atasını, anasını qoltuğuna vurub dünyada həkim axtarışına çıxan insanlar, ümumiyyətlə, belə məsələləri dillərinə gətirməməlidirlər. Qoy bu barədə 40 il süni zəka cihazlarına qoşularaq yaşayan Hokinq özü danışsın həmişə.

- Əsrlərdir “Kainat necə yaranıb?” sualı ətrafında mübahisələr gedir, yeni-yeni nəzəriyyələr ortaya çıxır – ağız deyəni qulaq eşitmir. Nə düşünürsünüz, sizə elə gəlmirmi ki, sonsuzluğu ehtimalı kainatın özündən daha cəlbedicidir?

- Fenomenologiya itinə və pişiyinə evə girmək üçün iki ayrı deşik açan Nyutona bənzəyir. Böyük suallara böyük cavablar axtarır və kiçik nəticələri unudur. Kvant fizikası isə dünyanın mahiyyətinin mikrodünyada gizləndiyini sübut etdi. Elm adamı və fenomenoloq olmadığım üçün bu sualınıza kitablardan oxuduğum cürbəcür cavabları sadalamaq istəmirəm. Sənətə gəlincə, sənət lap çoxdan “kiçik sualların” cavabları ilə məşğuldur. Məsələn, Kafka sonsuzluğu insan və gücün bürokratik mövhumi münasibətlərində axtarırdı, Kusturiça səfehliyin qlobal gücünə diqqət çəkirdi, Maleviç “Qara kvadrat”la bu anlayışın nöqtəsini qoymuşdu və s. Mən bu məsələlərdə sənətin davranışlarını izləyirəm. Çünki sənət nə elmdir, nə din, nə fəlsəfədir, nə də siyasət. Sənət, tərəf tutmayan yeganə intellektualdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər