29 Sentyabr 2014 17:10
2 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalça muzeyində “Muzeydə gecə, evdən gizlicə” adlı sərgi keçirilib

Mədəniyyət və Truzim naziri Əbülfəs Qarayev “Beynəlxalq Turizm Günü” ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı bildirdi ki, Xalça muzeyində “Muzeydə gecə evdən gizlicə” adlı sərgi keçiriləcək. Nazir dedi ki, əgər indiyə qədər yeni muzeyin kolleksiyasını görmək üçün vaxt ayıra bilməmisinizsə, bunu həmin gün edə bilərsiniz.

İlk xalça muzeyi

“Muzeydə gecə, evdən gizlicə” adı bizdə də maraq doğurdu. Buna görə də həftə sonu Xalça muzeyinə yollandıq. Muzeyin qarşısına çatdığımız zaman izdihamla qarşılaşdıq. İnsanlar muzeyin qapısında giriş üçün sıraya düzülmüşdülər. Çətinliklə qarşılaşsaq belə, biz də muzeyə daxil ola bildik.

Öncə qeyd edək ki, Azərbaycan Xalça Muzeyinin əsası 1967-ci ildə qoyulub və dünyada ilk belə muzeyidir. Bu, heç də təəccüblü deyil, çünki xalça incəsənəti Azərbaycanda qədim zamanlardan yaranıb. Hazırda həmin ənənələrin əksi ulu babalarımızın həyatının prototipi olaraq çıxış edir. Xalça muzeyi əvvəllər Mərkəzi Muzeydə yerləşsə də, artıq Dənizkənarı Milli Parkdakı yeni tikilən möhtəşəm binaya köçürülüb.

Beş manatdan başlayan qiymətlər

Sərgi çərçivəsində muzeyin birinci mərtəbəsində qiymətli eksponatlar və incəsənət əsərləri nümayiş olunur. İnsanların əyləncəsi üçün təşkil olunan bu xüsusi proqramda yaşlı və gənc ustalar bura gələn vətəndaşlara bilərzik və xalça toxunmasını öyrədirdilər. Burada keçmişə aid naxış, xalça, paltar və s. eksponatlar nümayiş olunmaqla yanaşı, onların satışı da təşkil olunur. Satışa çıxarılan eksponatlar müxtəlif qiymətlərə təklif edilir. Naxışlı fincanlar 20, xalçaçılıq sənətindən bəhs edən jurnalların qiyməti isə 5 manatdan başlayır.

45 ilin toxucusu

45 ildir ki, toxucu olduğunu söyləyən Ələsgərova Şəkər 10 yaşından bu sənətlə məşğul olduğunu deyib: “10 yaşım olanda anam məni toxuculq sənətini öyrənmək üçün usta yanına apardı. İki ilə toxuculuq sənətini öyrəndim. Artıq 45 ildir ki, bu sənətlə məşğulam. Cənab Prezident İlham Əliyevin və Mehriban Əliyevanın portretini xalça üzərində toxumuşam. Hazırda mənim də öz şagirdlərim var və 45 ildə öyrəndiklərimi onlarla paylaşıram”.

Tunc dövründən toxunan xalça

Nəcəfova Ulduz bildirdi ki, uşaqlıqdan bu sənətə marağı olub: “Altı yaşından toxuculuq sənətini öyrənməyə başlamışam. Bu sənəti mənə bacılarım sevdirib. Hər növ xalça toxumağı bacarıram. Amma daha çox Şirvan zonasının xalçalarını toxuyuram. Özümü tanıyandan bəri bu sənətə bağlanmışam”.

Sərginin əsas ekspozisiyaları Xalça muzeyinin 2, 3 və 4-cü mərtəbələrini əhatə edir. İkinci mərtəbədə xalçanın inkişaf texnologiyası və ənənələri haqqında məlumatlar öz əksini tapıb.

Bələdçi İradə bildirdi ki, ekspozisiyanın bu mərtəbəsində müxtəlif dövrləri əhatə edən, Azərbaycan xalçaçılıq sənətinin qədim köklərini təsdiqləyən və ölkənin ayrı-ayrı bölgələrində aşkarlanan arxeoloji tapıntılar nümayiş etdirilir:

“Muzeyimizdə arxeoloji qazıntılar zamanı tapılmış və toxuculuqda istifadə edilən alətlər nümayiş etdirilir. Müxtəlif məmulatların qalıqları olan bu eksponatlar Azərbaycan ərazisində xalça istehsalının hələ Tunc dövründən başlanmasının göstəricisidir. Qeyd edək ki, xalça sənətinin keçdiyi təkamül yolu, onun sadə və bəsit növləri sayılan həsirdən başlayıb”.

Tarixi faktlar

Bələdçi qeyd etdi ki, muzeyimizin ikinci mərtəbəsində xalça istehsalından öncə gələn mərhələlər ardıcıl nümayiş olunur: “Eyni zamanda, bu mərtəbədə yun qırxımı, onun yuyulması, daranması, ipliyin alınması və boyanması kimi mərhələlər ardıcıl şəkildə göstərilir. Bundan başqa, burada yerli əhalinin müxtəlif toxuma üsulları ilə hazırladıqları xovsuz xalça məmulatları, xurcun, heybə, duz torbası və s. kimi əşyalar da nümayiş etdirilir. Bildiyimiz kimi, bu əşyalardan Azərbaycan xalqının gündəlik həyatında və məişətində geniş istifadə edilirdi. Sərgidə yerli əhalinin çox qədim zamanlardan yaylaqlarda qurduğu, mövsümi məskən hesab edilən alaçıq haqqında da ətraflı məlumat veririk”.

“Şeyx Səfi” xalçası

Azərbaycan xalça məktəblərini əhatə edən üçüncü mərtəbədə Xalça Muzeyinin yaradıcısı, Xalq Rəssamı Lətif Kərimovun büstü də nümayiş olunur.

Müasir xalçaların təqdim edildiyi muzeyin 4-cü mərtəbəsindəki ekspozisiyada Azərbaycan xalça sənətinin XX yüzillikdə keçdiyi inkişaf yolu, həmin dövrdə fəaliyyət göstərən müxtəlif qurumlar haqqında məlumat verilir. Burada həmçinin xalça sənətinin inkişafında müstəsna xidmətləri olmuş Xalq Rəssamı Kamil Əliyevin həyat və yaradıcılığı ətraflı şəkildə işıqlandırılır.

Muzeyin Şuşa filialının sənət nümunələri haqqında da ətraflı məlumatlar öz əksini tapıb.
Qeyd edək ki, yeganə olaraq Şuşa muzeyindən bütün eksponatlar çıxarılıb və hazırda muzeydə nümayiş olunur. Burada Böyük Britaniyanın Viktoriya və Albert Muzeyində saxlanılan məşhur “Şeyx Səfi” xalçasının surəti də var. Muzeydə quraşdırılmış xüsusi monitor Azərbaycan xalçalarının dünya kolleksiyalarında, Avropa rəssamlarının əsərlərində əks olunduğunu göstərir.

Əyləncəli sərgi

Daha sonra təşkil olunan xüsusi proqramda caz ifaçısı Aysel Məmmədovanın səsləndirdiyi musiqilərlə sərgi iştirakçılarının əylənməsinə imkan yaradıldı. Bununla yanaşı, bir sıra paralel əyləncələr, muzeydə gənc Azərbaycan rejissorlarının qısametrajlı filmlərinin unikal nümayişi, Cavid Quliyevdən video-performans, rəssamlar Ləman Yusifli və Mehriban Şəmsədddinskayanın işlərinin ekspozisiyası da vardı. İnsanlar bütün gecə isə Manual FM və DJ Hazy kollektivinin ifa etdiyi maraqlı musiqi, eləcə də, Natiq Ritm Qrupunun çıxışını dinləmək şansı əldə etdilər.

Sərgi iştirakçısı Məqsudə xanım deyir ki, muzeydə təşkil edilən xüsusi proqram xoşuna gəlib: “Muzeydə bir gün” adlı tədbirin təşkilini eşidəndə bura gəlmək qərarı verdim. Girişdə uzun müddət gözləsəm də, nümayiş olunan eksponatlar, habelə əyləncə proqramı xoşuma gəldi. Xüsusilə də təşkilatçıların keçmiş adət-ənənələrimizi unutmaması xoş təsir bağışladı”.

Sərgini maraqla izlədiyini qeyd edən Aygün isə bu gecənin heç vaxt unudulmayacağını söylədi: “Mənim də toxuculuq sənətinə həvəsim var. Eşidəndə ki muzeydə belə bir sərgi keçirilir, çox sevindim. Nümayiş olunan eksponatlarla yanaşı, Natiq Ritm Qrupunun ifası da gecəyə xüsusi zövq qatır”.

Məlumat üçün bildirək ki, ekspozisiyada Azərbaycan xalça muzeyinin keçdiyi tarixi yola nəzər salınır, dövlətimizin bu qədim sənətə göstərdiyi diqqət və qayğıdan bəhs olunur. Burada Azərbaycan xalça sənətinin UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi ilə bağlı məlumata xüsusi guşə ayrılıb.

İlhamə Əbülfət

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər