Prezident İlham Əliyevin COVİD-19 infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan, yaşı 65-dən yuxarı olan məhkumların əfvi haqqında fərman imzalaması humanist olmaqla yanaşı, həm də örnək addım kimi qəbul edilməlidir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
O, 176 şəxsin həbsdən azad olunması və ailələrinə qovuşmasının ölkə başçısının öz fəaliyyətində ədalət, humanizm və mərhəmət prinsiplərinə sadiqliyinin göstəricisi olduğunu vurğulayıb:
"Bu fərman hüququn aliliyinə, insanların hüquqi davranışının tənzimlənməsinin önə çəkilməsinə verilən qiymətdir. Düşünürəm ki, bundan sonra da Azərbaycanda cinayət əməlindən çəkindirici tədbirlər davam etdiriləcək və ölkədə ictimai-siyasi sabitlik və davamlı inkişaf möhkəmlənəcək. Bugünkü çətin günlərdə belə bir addımın atılması yalnız və yalnız təqdir olunmalıdır".
Politoloq ölkədə maska istehsalına başlanmasını da uğurlu adddım kimi qiymətləndirib: "Prezidentin də qeyd etdiyi kimi, bu, çox əlamətdar hadisədir. Çünki bütün dünyada olduğu kimi, Azərbaycanda da bu istiqamətdə problemlər mövcud idi, qıtlıq yaranmışdı və bir çox hallarda apteklərdə tibbi maskaların tapılması mümkün olmurdu. Əvvəla, bu sahədə Azərbaycan demək olar ki, tamamilə idxaldan asılı vəziyyətdə idi və virusun bütün ölkələr yayılması bu və ya digər ölkədən maska alınmasında da çətinliklər yaratmışdı.
Koronavirusla mübarizədə maskalardan istifadənin xüsusi əhəmiyyət daşıdığını nəzərə alsaq, qısa bir müddətdə bu cür istehsal sahəsinin yaradılması olduqca təqdirəlayiq hal kimi qəbul olunmalıdır. İlkin mərhələdə gün ərzində 120 min, daha sonra isə 200-250 min maskanın istehsalı özümüzü təmin etməyə və idxaldan asılı olmamağa imkan verəcək. Azərbaycanda tibbi maska istehsalına başlanılması digər mühüm məqamları da özündə ehtiva edir. İlk növbədə, bu addım Prezident İlham Əliyevin əhalinin sağlamlığının qorunması məsələsinə nə dərəcədə diqqətlə və həssas yanaşdığını göstərir, digər bir tərəfdən isə yerli istehsalı genişləndirmək istiqamətində son illərdə həyata keçirilən işlərin ardıcıl xarakter aldığını nümayiş etdirir".