7 Aprel 2020 15:53
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev tərəfindən verilən əfv sərəncamını ancaq alqışlamaq olar. Bu, son dövrlər Prezidentin ikinci belə sərəncamıdır ki, bizi, hüquq müdafiəçilərini sevindirir. Ümid edirəm ki, sonuncu sərəncam da olmayacaq. Həqiqətən də yaşlı məhbusların azadlığa buraxılması sevindirici və vacib addımdır.

Bu fikirləri Teleqraf.com-a hüquq müdafiəçisi Səidə Qocamanlı ötən gün Prezident İlham Əliyev tərəfindən 176 məhkumun azadlığa buraxılmasını nəzərdə tutan əfv sərəncamını qiymətləndirərkən deyib.

Hüquq müdafiəçisi bildirib ki, sonuncu əfv sərəncamı ilə 165 kişi və 12 xanım cəzalarının çəkilməmiş hissəsindən azad olunub.

Onun sözlərinə görə, bu sərəncam dünyada müşahidə edilən COVİD-19 infeksiyasının yayılması ilə əlaqədar qayğıya ehtiyacı, yaşı çox və səhhətində problem olan məhkumlara şamil edilib:

“Əlbəttə, mən inanıram ki, əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxaracaq və bir daha cəzaçəkmə müəssisələrinə qayıtmayacaqlar".

Xatırladaq ki, bu günə qədər dövlət başçısının imzaladığı sərəncamlarla 4871 şəxs azadlığa çıxıb. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunan amnistiya aktları 40 mindən çox insanı əhatə edib, onların 8500 nəfərdən çoxu azadlığa buraxılıb.

Hüquq müdafiəçisi S.Qocamanlı qeyd edib ki, son sərəncamla prezident faktiki olaraq, yüzlərlə ailəni sevindirib:

“Bu, yüzlərlə ailənin rahat olmasıdır. Çünki insanlar evlərində əyləşsə də, məhbəsdə olan əzizlərindən nigaran olurdu, onlara azuqə göndərə bilmirdilər. Odur ki, prezidentin son sərəncamı təqdirəlayiq addımdır”.

Müsahibimiz əlavə edib ki, Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib:

“Biz, müraciətimizdə qeyd etmişdik ki, belə proses başlansın və məhbusların sayı azalsın. Bu prosesi başlatdıqlarına görə mən dövlət başçısına və birinci xanıma təşəkkürümü bildirirəm”.

Hüquq müdafiəçisi əlavə edib ki, siyahılarında 30-dan çox məhbus var və onların da azadlığa buraxılmasını arzu edirlər:

“Qeyd edim ki, belə bir addım atmaqla beynəlxalq qurumlara göndərilən siyahılardan ölkəmizi azad edə bilərik. Çünki hər dəfə belə siyahılar üzümüzə vurulur. Arzu edərdim ki, bizim Monitorinq Qrupunun siyahısında olan 30 nəfərə yaxın məhbus da azadlığa buraxılsın. Onların arasında xəstələr, azadlığa buraxılmasına 3-5 ayı qalanlar da var”.


Müəllif: Cavad

Oxşar xəbərlər