Hazırda qapımızda iki böyük bəla dayanır: koronavirus pandemiyası və dünyada iqtisadi tənəzzülün yaranması. Birinci faktor kənar dövlətlərdən bizə keçid edib. İkinci faktor isə dünyada neftin ən böyük istehlakçısı olan Çinin neftə tələbatının azalması, həm də "OPEK+"a daxil olan dövlətlərin arasındadı qarşıdurmanın neftin qiymətinə təsir göstərməsidir. Ancaq başçısının, vətəndaşların iradəsi bu ağır prosesdən Azərbaycanın üzüağ çıxmasına köməklik edəcək.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
O bildirib ki, belə məqamlarda Azərbaycan prezidentinin fəlsəfəsinin mərkəzində vətəndaşların rifahı dayanır:
"Burada ən əsas insan amilidir. Bu tədbirlər insanların işləyən, aztəminatlı, qaçqın, sağlam olmasından asılı olmayaraq, bu ağır vəziyyətdən itkisiz çıxmasına xidmət edir. Bu ərəfədə 2,5 milyard yarımlıq dövlət dəstəyi paketinin 44 min sahibkarlıq subyektlərində çalışan 300 min insanın əmək haqqısının ödənilməsinə sərf edilməsi təqdirəlayiq addımdır. Eyni zamanda qeyri-neft sektoru üzrə 600 min vətəndaşın məvacibinin verilməsi, 200 mindən çox makro və fərdi sahibkarlıqdan faydalanan insanlar, bununla yanaşı işsiz şəxslərin sosial müdafiəsi üçün 50 min nəfərin işlə təmin olunması nəzərdə tutulub. Artıq 5 min nəfər işlə təmin olunub.
Kommunal xidmətlərdə güzəştlərin edilməsi, banklar tərəfindən sahibkarlara verilən illik 500 milyon manat həcmində kreditlərin 60 faizinin dövlət tərəfindən ödənilməsi, bir milyard manat həcmində mövcud bank kreditləri üzrə 10 faiz subsidiyalaşdırılma nə qədər böyük işlərin görülməsindən xəbər verir. Aclıq və yoxsulluq üzrə ixtisaslaşmış 19 fondu özündə birləşdirən OXFAM təşkilatı Azərbaycanda gedən bu prosesləri çox yüksək qiymətləndirib. Bu təşkilatın qiyməti dünyada görünür və bu haqda dünya mətbuatı yazır".
Yusif Bağırzadə qeyd edib ki, yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılır:
"Dövlət tərəfindən onlara xüsusi diqqət var. Qeydiyyata düşən işsizlərə birdəfəlik ödənişlərin verilməsinə artıq başlanılıb. Prezident 200 min nəfər üçün nəzərdə tutulan ödəmənin 600 min nəfərə çatdırılması ilə bağlı göstəriş verib.
Ümumiyyətlə, srağagünkü tapşırıqlardan sonra belə görünür ki, ümumi yardım paketi artıq əvvəl nəzərdə tutulduğu kimi 1 milyard, daha sonra 2,5 milyard deyil 3,5 milyarddan artıq olacaq. Ən önəmlisi isə odur ki, bütün dövlətlər pandemiya ilı üz-üzə qaldığı bir vaxtda Azərbaycan prezidenti artıq postpandemiya dövru üçün konkret göstərişlər verir. Bu olduqca vacib və təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Bu gün prezidentin gördüyü işlər sayəsində nəinki həssas təbəqənin maaşları yerində qalır, onlara yardım olunur, birinə birdəfəlik yardım, birinə mütəmadi yardım edilir. 15 000-dən çox tənha yaşlıya sosial xidmətlər göstərilir. Sosial tərəfdaşlar vasitəsilə artıq 17 minədək ərzaq payı tənha və əlilliyi olan şəxslərə verilib. Bu proses davam edir"..
Yusif Bağırzadə yeni iş yerlərinin açıldığını da diqqətə çatdırıb. Yanvar-mart ayları ərzində Azərbaycanda 77 min əmək müqaviləsi bağlanmışdısa, təkcə aprel ayında 50 minə yaxın əmək müqaviləsi bağlanıb. Bu, Azərbaycanda vətəndaşların işlə təmin olunması prosesinin çox güclü getməsindən xəbər verir. Bu müddət ərzində işsizlik müqaviləsi bitən şəxslərə işsizlik sığortası şamil ediləcək. Bu, 20 min adamı əhatə edir".
Gənclərin cəlb edildiyi peşə hazırlığı kurslarında müqavilələrlə çalışan 600 min vətəndaşa təqaüd veriləcəyini bildirən Yusif Bağırzadə qeyd edib ki, BMT-nin məşğulluq proqramı çərçivəsində 2020-ci ildə 12 min ailə üçün iş yerləri açıqlacaq: "Bütün bu tədbirlər bizə onu deməyə əsas verir ki, Azərbaycan bu çətin vəziyyətdə düzgün yoldadır və prezidentin verdiyi qərarlar yerində atılan addımlardır".