25 Aprel 2020 09:05
4 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını İspaniya Azərbaycanlıları Birliyinin sədri Vahid İmanov cavablandırıb.

Diaspor rəhbəri İspaniyada koronavirus pandemiyası ilə əlaqədar hazırkı vəziyyət barədə ətraflı məlumat verib, bu ölkədəki azərbaycanlıların durumundan danışıb. Onunla müsahibəni təqdim edirik:

- İtaliyanın Baş naziri Cüzeppe Konte mayın 4-dən ölkəsinin tədricən dünyaya açılacağını bəyan etdi. COVID-19-un yayılması üzrə İtaliya ilə az qala eyni səviyyədə olan İspaniyada vəziyyət necədir?

- Hazırda İspaniyada demək olar ki, vəziyyət karantinin ilk günlərinə nisbətən normaldır. Karantin rejimi tətbiq olunanda insanlar çox təşviş yaşayırdılar, market və apteklərdə uzun növbələr vardı. Əlcək, maska qıtlığı yaşanırdı, ölüm halları günbəgün artırdı. Martın son həftəsi pandemiya pik həddə çatdı. Amma indi vəziyyət yaxşılaşmağa doğru gedir. Aprelin ilk həftəsindən sonra artıq insanlar normal həyatına davam edir, bəzi iş yerləri açılıb.

- Hazırda ölkədə hansı müəssisələr fəaliyyət göstərir?

- Ölkədə tikinti sənayesi və qida sənayesi fəaliyyətini davam etdirir. Aprelin 27-dən sonra artıq İspaniya yumşaldılmış karantin rejiminə keçəcək, sənaye müəssisələri də fəaliyyətinə davam edəcək, 14 yaşına kimi uşaqlar valideyn nəzarətində qanunla müəyyən edilmiş müddətdə çölə çıxa biləcəklər.

- İspaniyanın hansı şəhərində yaşayırsınız, koronavirusun yayılması lokallaşdırılıbmı?

- 17 ildir İspaniyanın Junta de Castillo Leon əyalətinin Medina de Pomar şəhərində yaşayıram. Bizim yaşadığımız əyalətdə demək olar ki, koronavirusun yayılması lokallaşdırılıb. Bu da ondan irəli gəlir ki, karantin rejiminə ciddi nəzarət var və insanlar qanunlara çox ciddi əməl edirlər.

- Bəs karantin rejimi hansı səviyyədədir?

- Karantin rejimi artıq mart ayındakı kimi çox sərt deyil. İnsanlar küçəyə çıxanda əlcək və maskadan istifadə edir. Ofislərdə, iş yerlərində, aptek və marketlərdə insanlar arasında sosial məsafə saxlanılır.

- Qida məhsullarını rahatlıqla almaq olurmu? Maska və əlcək təminatında problemlər hələ də qalmaqdadır?

- Karantin rejiminin ilk günləri qida məhsulları, maska və əlcək təminatında çox ciddi problemlər yaşandı. Artıq bu problemlər arxada qalıb. Hər şey öz axarıyla davam edir.

- İspaniyada infeksiyaya yoluxma və ölüm hallarının kütləviliyi nə ilə əlaqədardır? İki güclü Avropa ölkəsində COVID-19-un sürətli yayılmasına rəsmilərin gec reaksiya verməsi, yoxsa insanların pandemiyaya qeyri-ciddi yanaşması səbəb oldu?

- İspaniyada infeksiyaya sürətli yoluxma və ölüm hallarının kütləviliyi insanların ilk başda koronavirus pandemiyasına ciddi yanaşmaması ilə bağlı idi. Martın ilk həftəsində xəstəlik demək olar ki, ölkənin bütün əyalətlərinə yayıldı. İspaniya sanki morqa çevrilmişdi. Eləcə də İtaliyadakı kimi İspaniyada da rəsmilər COVID -19 infeksiyasına gec reaksiya verdilər. Ölkədə ilk yoluxma faktları qeydə alınanda dövlət sərhədləri bağlansaydı, indiki vəziyyət yaşanmazdı. Rəsmilərlə yanaşı sıravi vətəndaşlar da ilk günlər koronavirusun belə qorxunc pandemiya ilə nəticələnəcəyinə inanmırdılar və müdafiə tədbirləri görmürdülər.

- Karantin rejimini pozanları hansı cəza gözləyir?

- Karantin rejimini pozanlara ciddi cəzalar nəzərdə tutulub. Qaydaları pozanlara 600 avrodan 30 min avroyadək pul cərimələri yazılır.

- İspaniyada infeksiyaya yanaşma indi necədir? Tanıdıqlarınız arasında COVID-19-dan dünyasını dəyişənlər varmı?

- Hələ də infeksiyaya qeyri-ciddi yanaşanlar var. Amma onlar azlıq təşkil edirlər. Bir qrup insan hesab edir ki, bütün baş verənlər böyük güclərin oyunudur. Eləcə də COVID-19-u İspaniyada 100 milyon insanın ölümünə səbəb olmuş İspan qripinə də bənzədilir. Amma onu qeyd edim ki, artıq insanlar koronavirusla yaşamağa öyrəşiblər. Yəni koronavirus həyatımızın bir parçasına çevrilib. Bu infeksiyadan dünyasını dəyişənlərə gəlincə, təəssüf ki, şəxsən tanıdığım 18 nəfər koronavirusdan həyatını itirib.

- İspaniyada yaşayan azərbaycanlıların durumu necədir? Virusa yoluxan olub?

- İspaniyada yaşayan azərbaycanlıların vəziyyəti demək olar ki, normaldır. Amma bəzi çətinliklər də var. Əsasən, burada təhsil alan tələbələr maddi cəhətdən sıxıntı yaşayırlar. İspaniya Azərbaycanlıları Birliyi adından məsələ ilə əlaqədar Diasporlarla İş üzrə Dövlət Komitəsinə müraciət etmişik. Hələ ki nəticə yoxdur, ümid edirik ki, yaxın vaxtlarda müsbət nəticə verilər. Azərbaycanlılar arasında iki vətəndaşımız virusa yoluxmuşdu, hazırda sağalıblar və normal həyata dönüblər.

- Xəstəxanalarda vəziyyət necədir?

- Xəstəxanalarda vəziyyət ilk günlərlə müqayisədə yaxşıya doğru gedir. Amma yenə də çətinliklər qalmaqdadır. Səhiyyə işçilərinin çatışmazlığı yaşanır.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər