1 Oktyabr 2014 11:08
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tallində Azərbaycan ilə Estoniya arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 2-ci iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasdan sonra Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və onu müşayiət edən şəxslər Estoniya Hökumət Evində (Stenbock House) olublar.

Burada Əli Abbasov Estoniya baş naziri Taavi Rıyvas ilə görüşüb. O, Azərbaycan nümayəndə heyətini “Elektron hökumət”in işi ilə tanış edib.

Səfər zamanı Əli Abbasov həmçinin Tallin Texniki Universitetinin rektoru ilə görüşüb, akademik və tələbə auditoriyası qarşısında mühazirə söyləyib.

Səfər çərçivəsində nümayəndə heyəti “e-Estonia Showroom” ən yeni texnologiyaların elektron təqdimatı binasında da olub. Burada Azərbaycan nümayəndə heyəti üçün Estoniyanın “Tehnopolis” Texnoloji Parkının təqdimatı keçirilib.

Komissiyanın ikinci iclasının keçirilməsi münasibətilə Azərbaycanın Estoniyadakı səfirliyi adından qəbul təşkil olunub. Qəbulda Estoniyanın keçmiş prezidenti Arnold Ryuytel, parlament üzvləri, nazirlər, eləcə də biznes dairələrinin və ictimai təşkilatların nümayəndələri iştirak edib.

Qəbulda giriş nitqi ilə Azərbaycanın Estoniyadakı səfiri Tofiq Zülfüqarov çıxış edib. Tədbirdə çıxış edən nazir Əli Abbasov hökumətlərarası komissiyanın işi və ikitərəfli əməkdaşlığın perspektivləri barədə danışıb, həmçinin Azərbaycan istehsalı olan “AZPAD” planşet kompüterini təqdim edib. Əli Abbasov planşeti keçmiş prezident Arnold Ryuytelə hədiyyə edib.

Estoniyanın “Qrasiya” rəqs qrupunun ifasında Azərbaycan rəqslərinin ifası görüşə milli kolorit verib.

İlhamə


Müəllif: