30 Aprel 2020 17:15
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karantin rejiminin sərt qaydalarının nisbətən yumşaldılması mərhələsi başlasa da, çox təəssüf ki, bəziləri bunun mahiyyətini doğru-düzgün anlamırlar. Bəziləri isə hətta bu yumşalmanı karantin rejiminin tamamilə götürülməsi kimi başa düşərək, məhdudiyyətlərə sayğısızlıq göstərir və tam sərbəst şəkildə hərəkət edirlər. Hər kəs bilməlidir ki, bu gün Azərbaycanda başlamış mərhələnin özünün adı var.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev deyib.

O qeyd edib ki, müəyyənləşmiş məhdudiyyətlərin, qadağaların bir qismi aradan qaldırılsa da, böyük bir qismi hələlik qüvvədədir:

“Pandemiyanın yeni dalğasının baş qaldırmaq təhlükəsi mövcud olduğuna görə ölkədə məhdudlaşdırıcı karantin tədbirlərinə hər kəsin əməl etməsi sadəcə olaraq, məcburidir, dövlətin və bütün cəmiyyətin sağlamlığı üçün qaçılmazdır. Kütləvi toplantıların keçirilməsi, ictimai iaşə məkanlarının açılması, fəaliyyət göstərməsi, insanların özünütəcrid və sosial məsafə saxlamaq tələbinə əməl etməməsi, yaşı 65-dən yuxarı olan insanların qadağanı pozaraq küçələrə çıxması, böyüklərin müəyyən saatlarda uşaqlarla birgə gəzintilərə getməsi və sair hallar bütövlükdə ölkədə pandemiyanın yeni dalğasının başlamasına təsir göstərəcək təhlükə mənbələridir. Ona görə də insanlar ölkəmizdə pandemiyanın yeni dalğasının başlama təhlükəsinin tamamilə real olduğunu bir an da olsun, unutmamalıdırlar”.

Aydın Quliyev deyib ki, ölkəmizdə karantin tədbirləri mərhələ-mərhələ sərtləşdirildiyi kimi onun tamamilə aradan qaldırılması da tədricən həyata keçiriləcək:

“Yəni, karantin rejiminə birdən-birə keçmədiyimiz kimi, onun birdən-birə aradan qaldırılması da mümkünsüzdür. Bunu hər kəs bilməli və dövlətin karantin tədbirlərinin yumşaldılması istiqamətində atdığı addımları diqqətlə izləməlidir. Hər kəs bilməlidir ki, ölkədə karantin rejimi hələ tamamilə başa çatmayıb. Biz sadəcə olaraq, pandemiyanın yayılmasının pik həddinə çata bilmişik və pik həddən aşağı düşməyə başlayırıq. Bu, çox yaxşı nəticədir. Ancaq karantin məhdudiyyətilərinə hər kəs tərəfindən dəqiq əməl olunmasa, biz yenidən pik nöqtəyə doğru qalxa bilərik ki, bu da cəmiyyət üçün çox təhlükəlidir. Bir sözlə, hər kəs karantin rejiminin yumşaldılması tədbirlərinin mahiyyətini doğru anlamalı və qüvvədə olan qadağalara, məhdudiyyətlərə əməl etməlidir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər