Koronavirus pandemiyası başlayanda Azərbaycan çox ciddi önləyici tədbirlər aldı və bunun nəticəsində hazırda vəziyyət tam nəzarət altındadır. Təkcə pandemiyanın təsirlərinin qarşısını almaq üçün deyil, eyni zamanda, postpandemiya dövründə həm sosial-iqtisadi problemlərin həlli, həm də iqtisadiyyatın yenidən dirçəldilməsi üçün kompleks tədbirlər görülür. Bu günə qədər atdığımız addımların uğurlu nəticəsini gördük.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı bilir ki, koronavirus bir neçə fazada özünü büruzə verən xəstəlikdir:
“Hesab edirəm ki, dünya təcrübəsini göz önündə saxlamalıyıq. Biz ayrı-ayrı ölkələrdə müxtəlif mərhələlərdə problemin səngidiyi və sonra yenidən baş qaldırdığının şahidi olduq. Odur ki, heç bir halda karantin rejiminin tələbləri ilə bağlı yumşaldılmaları rahatlıq və virusdan tam azad olmaq kimi qəbul etməməliyik. Çünki bu günə qədər əldə etdiyimiz uğurlar alınan qərarlara riayət etməyimiz nəticəsində mümkün olub. Virusla bağlı Azərbaycan mediası, ictimaiyyəti kifayət qədər maarifləndirilib, çoxsaylı videoçarxlar paylaşılıb. Cəmiyyətə yetərli səviyyədə informasiya ötürülüb. Həkimlərimiz lazımi qədər tibbi maarifləndirmə prosesini reallaşdırıblar”.
Hikmət Babaoğlu bildirib ki, cəmiyyətin ortaq maraqları üçün sosial təcrid tədbirlərinə əməl edilməlidir
“Düşünürəm ki, belə bir vəziyyətdə arxayınlıq göstərməyə heç birimizin haqqı yoxdur. Söhbət hər birimizin və bütövlükdə cəmiyyətin maraqlarından gedir. Ona görə indiki mərhələdə karantin rejiminin tələblərinin bir qisminin yumşaldılmasına baxmayaraq, ciddi şəkildə sosial təcrid tədbirlərinin hamısını həyata keçirməyə nail olmalıyıq.
Özümüzü qorumalıyıq ki, yaxınlarımızı mühafizə edə bilək. Yaxınlarımızı qorumalıyıq ki, ətrafdakı insanların sağlamlığının qorunmasına nail olaq. Ətrafdakıları qorumalıyıq ki, bütövlükdə cəmiyyətimizi və xalqımızı qoruyaq. Ona görə əsla karantin rejimi qaydalarının yumşaldılması prosesini arxayınlıq kimi qəbul etməməliyik”.