12 May 2020 18:00
2 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 günə yaxındır ki, alış-veriş zamanı ödənilən əlavə dəyər vergisinin (ƏDV) vətəndaşlara qaytarılması sisteminin tətbiqinə başlanılıb. Mühüm məqamlardan biri də odur ki, bu proses yalnız yeni nəsil nəzarət kassa aparatlarına malik ticarət oyektlərində aparılır. Bəs hazırda ticarət obyektlərində sözügedən kassa aparatlarla bağlı vəziyyət necədir? Nəyə görə ƏDV-lər məhz bu kassa aparatlarında həyata keçirilir? ƏDV-lərin geri qaytarılmasının alıcı və satıcılara nə kimi faydası olacaq?

Mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verən iqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, bu istiqamətdə xeyli çatışmazlıqlar var.

İqtisadçı hesab edir ki, kassa aparatları barəsində əhaliyə ətraflı məlumat verilməlidir:

"Adi insan alış-verişə gedir, haradan bilsin ki, bu yeni nəsil kassa aparatıdır yoxsa köhnə? Mağazadan çıxanda bilir ki, kassa aparatı köhnədir. Artıq məhsulu almısız, bilsəydiz, ƏDV güzəştinə görə, başqa satış yerindən alış-veriş edərdiniz. Bu barədə informasiya yoxdur. Müəyyən sosial reklam çarxları, maarifləndirmə olmalıdır".

Ekspertin fikrincə, yeni nəsil kassa aparatlarının tətbiqində dövlətin nəzarəti olmalıdır:

"İaşə və ticarət obyektləri yeni nəsil kassa aparatlarının tətbiq olunması barədə təlimatlandırılmalı, onlara müəyyən tapşırıqlar verilməlidir. Dövlət, sözügedən kassaları tətbiq etməyənlərə cəza tətbiq edə bilər. Eyni zamanda bu, onlar üçün də vacibdir. Çünki alıcılar yeni nəsil kassa aparatı olmadığı üçün başqa mağazaya, ticarət və iaşə obyektinə üz tuta bilər".

Nağdla müqayisədə, kartla edilən ödənişlərdə ƏDV-nin daha çox qaytarılmasını nağdsız ödənişlərin artırılması istiqamətində görülən iş kimi qiymətləndirən Əkrəm Həsənov, bunun büdcə üçün də faydalı ola biləcəyini hesab edir:

"Burada məqsəd burada nəğdsiz hesablaşmaları stimullaşdırmaqdır. Çünki nəğdsiz ödənişlər ticarət və iaşə obyektlərini daha şəffaf edir. Vergi orqanlarının onların üzərindəki vergi inzibatçılığını asanlaşdırır. Bütün pulların haradan gəlib-getməsinə nəzarət olur. Eyni zamanda, alıcılar özləri nəğdsiz ödəniş etməyə maraqlı olmalıdır. Bu baxımdan düzgün yoldur və ticarət obyektlərinin vergidən yayınmasının qarşısını ala bilər".

İqtisadçı hesab edir ki, ƏDV-nin qaytarılması əhalinin aztəminatlı təbəqəsi üçün faydalı olacaq:

"Doğrudur, son günlərdə bəziləri düşünür ki, 18 faiz ƏDV-nin 10-15 faizinin geri qayıtması elə də böyük məbləğ deyil. Amma illik hesablamaya baxsaq, bunun heç də düzgün fikir olmadığı ortaya çıxacaq. Hazırda işsiz insanlar 190 manata görə növbəyə durublar. 10-15 faiz ƏDV təqribi hesablasaq, il ərzində 190 manatdan çox pul edir. Söhbət yalnız ticarət obyektlərindən deyil, iaşə obyektlərindən də gedir. Pulları qayıtmaqla yanaşı, hamı biləcək ki, xidməti yerlər daha şəffaf işləyir, dövlət büdcəsinə pul daxil olacaq. Üstəlik neft gəlirlərinin aşağı düşdüyü müddətdə bu məsələ olduqca aktualdır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər