Prezident yanında Bilik Fondu oktyabrın 2-3-də keçiriləcək IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən paytaxtımıza gələn görkəmli ictimai-siyasi xadimlər, alim və tədqiqatçılarla tələbələrin silsilə görürüşlərini təşkil edir.
Bilik Fondundan Teleqraf.com-a verilən xəbərə görə, oktyabrın 1-i italiyalı professorlar Bakı Salvyan Universitetində qonaq olublar. Bakı Slavyan Universitetinin və Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən görüşdə tanınmış naşir Sandro Tetti, Florensiya Universitetinin professoru Franko Kardini, Con Hopkins Universitetinin professoru Paolo Karzini, Vatikan Universitetinin professoru Canfranko Kofelle maraqlı fikirlər səsləndiriblər.
BSU-nun rektoru, prof. Asif Hacıyev qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib və İtaliya universitetləri ilə əlaqələrin daha da genişlənməsinin hər iki tərəfin təhsil sistemində rolundan danışıb. Rektor BSU-da Beynəlxalq münasibətlər üzrə təhsil alacaq iki italiyalı tələbəni və onların valideynlərini qonaqlarla tanış edib.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov fondun fəaliyyət planlarından bəhs edərək bildirib ki, rəhbərlik etdiyi qurum xarici tələbələrlə birgə layihələr həyata keçirəcək, tanınmış alimləri isə ölkənin müxtəlif bölgələrində elmin müxtəlif sahələrinə dair mühazirələrə cəlb edəcək. İcraçı direktor Azərbaycan dilini öyrənmək istəyən xarici tələbələrə Bilik Fondunun dəstək olacağını vurğulayıb. İtaliyalı professorlar tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.
Sonda Bilik Fondu qonaqlara hədiyyələr təqdim edib. İtaliyalı qonaqlar səmimi keçən görüşdən razı qaldıqlarını deyiblər.
Beynəlxalq Humanitar Forumunun digər iştirakçısı, Fransanın İnalko Universitetinin professoru Mishel Bozdemir Bakı Slavyan Universitetində filologiya fakültəsinin Fransiz dili ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüb. Universitetin professor-müəllim heyəti və tələbələri qarşısında “Fransada Azərbaycan dilinin tədrisi” mövzusunda məruzə ilə çıxış edən M.Bozdemir beynəlxalq səviyyəli tədbirlərin ölkələr arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Fransalı professor Bilik Fonduna tələbələrlə görüşü təşkil etdiyinə görə təşəkkürünü bildirib və çoxsaylı sualları cavablandırıb.
NİGAR