Polisin yanlış davrandığını düşünənlər ölkədəki siyasi hakimiyyətə müxalif olan insanlardır. Amma gərək müxalifət də ədalətli olsun. Siyasi hakimiyyətin yaxşısına yaxşı deyək. Xoşumuza gəlməyəni tənqid etmək hüququmuz var. Söyüş, böhtan, təhqir, iftira yolverilməzdir.
Bunu Teleqraf.com-a açıqlamasında Demokratiya və İnsan Haqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
O bildirib ki, Azərbaycan polisi təkcə görüntülərdə olan insanlardan ibarət deyil:
"Azərbaycan polisinin say tərkibi on minlərlədir. Bu gün Azərbaycanın ictimai-siyasi sabitliyinin bərqərar olmasında polisin rolu və yeri danılmazdır. Bu gün sərbəst hərəkət edərək, pandemiya imkan verən hallarda ölkənin istənilən yerinə gedib, asudə vaxtımızı keçirməkdə polisə arxalanırıq. Dövlətin yaratdığı Operativ Qərargahın təlimatına uyğun, ona verilmiş səlahiyyətlərə adekvat şəkildə karantinin icrası polisə həvalə olunub.
Vətəndaşa hansısa hərəkətin yolverilməzliyini bildirərkən etiraz edilməsi, sonra ona qoşularaq başqalarının polisə zibil atması, polisin təhqir olunması qəbulolunmazdır. Polis vətəndaşı hər hansı formada harasa dəvət edirsə, haqlı və ya haqsız onu icra etməlidir. Ondan sonra polisdən şikayət etmək, haqqını tələb eləmək hüququ var.
Hesab edirəm ki, polisin üzərinə gedən heç bir kəs haqlı sayıla bilməz. Biz koronavirusla nə qədər yaşayacağımızı bilmirik. Nə addım atılmasından asılı olmayaraq hər bir vətəndaş qəbul olunan qərarlara hörmətlə yanaşmalıdır.
TƏBİB bu günlərdə açıqlama verdi ki, belə getsə, bizim hər birimiz yaxınlarımızdan kiminsə xəstəliyə yoluxmasının şahidi olacağıq. Bu, hiss olunmaqdadır, ayrı-ayrı yaxınlarımızın, dost-tanışlarımızın virusa yoluxduğunu görür, yaxud eşidirik. Mən də əziz bir dostumun oğlunun itkisi ilə qarşılaşdım. Biz həmrəy olmalıyıq. Vətəndaşlarımıza müraciət edirik ki, bu tapşırıqlara, polisin xidməti fəaliyyətinə etiraz etməməliyik. Biz həm dövlətimizlə, həm polis, həm də həkimlərimizlə birlikdə olmalı və bu bəladan birlikdə qurtulmalıyıq.
Əgər biz polisə mane olacağıqsa, Operativ Qərargahın tələblərinə əməl etməyəcəyiksə, sosial məsafəni qorumayacağıqsa, maskadan istifadə edilməyəcəyiksə, onda daha uzun müddət karantin rejimində yaşayacağıq. Amma bəzi məsuliyyətsiz adamlara görə əhalinin böyük hissəsinin də məcburən karantinə alınması böyük narazılıqlara səbəb olur. Gəlin birlikdə olaq, qaydalara hamılıqla əmək edək və tezliklə bu bəladan xilas olaq".