12 İyun 2020 14:18
2 881
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanların iqtisadi və sosial həyatını alt-üst edən, sərt karantin rejiminin tətbiqinə səbəb olan koronavirus pandemiyasının təsirləri hələ uzun müddət qalacaq kimi görünür. Virusun nə vaxt və necə bitəcəyi, fərqli izoliyasiya tədbirləri, eləcə də məhdudiyyətlərin forması gündəminin əsas müzakirə mövzularından biridir.

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl Teleqraf.com-un suallarını cavablandırıb.

- Doktor, avtobuslarda sərinləndirmə sistemlərinin işə salınması məsələsi ictimai qınaq obyektinə çevriləndən sonra həllini tapdı. Buna səbəb sərinləndirmə sistemlərinin işə düşdüyü zaman virusun daha çox yayılma ehtimalı idi. Maraqlıdır, virus hansı hava şəraitində və ya hansı hallarda daha çox yayılır?

- Sərinləşdirici qurğuların virusu daha çox yaydığına dair şübhələr var, amma bu, indiyə qədər sübut olunmayıb. Böyük ehtimalla TƏBİB qabaqlayıcı tədbir kimi bunu Bakı Nəqliyyat Agentliyindən (BNA) xahiş etmişdi. Daha sonra ictimai qınağı gördükdən sonra bu tələbini geri çəkdi və BNA da avtobuslarda kondisenerlərin işləməsinə dair qərar verdi.

Virusun necə yayılmasına dair bir çox mülahizələr var. Amma hava-damcı yolu ilə yayılan viruslar əsas təmas yolu ilə artır. Yəni, insan bir yerə toxunur və o virus kütləsini üzünə apardığı zaman yoluxma halı baş verir. Amma hava-damcı yolu ilə artan viruslar üçün kondisionerlə yayılma ehtimalı mövcuddur. Belə bir ssenarinin yaşamaq haqqı var, amma bunu isbat etmək lazımdır. Bu, dünyada da sübut edilməyib.

- Virusa yoluxma ehtimalı hansı hallarda azdır?

- Birmənalı olaraq sosial məsafə qorunduğu zaman virusun yayılma ehtimalı azalır.

- İnsanların qapalı məkanlarda qalması onların sağlamlığına necə təsir edir?

- Ümumiyyətlə, qapalı məkanlarda 2-3 gün saxlanılma insanların sağlamlığına mənfi təsir edir. Bunu sərt karantin və izolyasiya tədbirləri qəbul edən insanlar da çox yaxşı bilirlər. Təbabət bildiyimiz riskləri dəyərləndirmək sənətidir. Görünür riskləri dəyərləndirib həftəsonu insanların sıx şəkildə ünsiyyətdə olub virusu daha çox yaymanın cəmiyyətin sağlamlığı üçün daha zərərli olduğu fikrinə gəliblər ki, belə qaydalar qəbul edirlər.

- İnsanların qapalı məkanlarda qalması, yoxsa virus – hansı daha təhlükəlidir?

- Aydın məsələdir ki, insanların evə qapadılması onların sağlamlığı üzərində mənfi təsirə malikdir, hətta bəzi insanların ölümünü tezləşdirir. Bunu bilirlər, amma hazırda görünən odur ki, virus daha təhlükəlidir.

- Həftəsonu karantin rejimi ilə bağlı qərarları əhali çox vaxt könülsüz, hətta bəzən narazılıqla qarşılayır. Nə təklif edərdiniz?

- İlk növbədə cəmiyyətə sosial məsafəni və gigiyena qaydalarının nə qədər vacib olduğu təbliğ edilməlidir. Daha sonra sosial məsafənin pozulduğu əsas yerlər olar bankomatların qarşısındakı sıralar, marketlər, ictimai nəqliyyat qaydalarının ağıllı dizayn edilməsini təklif edərdim. Bütün bu qaydalara riayət olunandan sonra insanların sərbəst buraxılmasının tərəfdarıyam.

Amma burada qaydaları izah edən tərəf peşəkar, izah edilən tərəf isə sahibkar olmalıdır. Bunların ikisində də problem çıxa biləcəyi üçün hökumət iqtisadiyyata zərər vurmadan həftə içi günlərdə insanların çölə çıxmasına icazə verdi.

Həftəsonu iqtisadiyyata aid obyektlər çox da intensiv işləmir. Doğrudur, kafelər, restoranlar, mağazalar işləyir, amma bunlar iqtisadiyyatın əsasını təşkil etmir. Ona görə də iqtisadiyyatın bel sütunu zərər görmədən həftəsonu insanların evə qapadılması əsas götürüldü. Bu da bir qərardır.

Nə qədər doğru olub-olmadığı peşəkarların öz arasındakı və ya ictimaiyyətə açıq müzakirəsi ilə müəyyənləşdirmək olar. Mən bu işə qərar verə biləcək adam deyiləm. Əgər belə müzakirələr olarsa, mən də öz münasibətimi bildirərəm.

- Hansı ölkələrin virusla bağlı tədbirlərini qənaətbəxş hesab etmək olar?

- Burada bir neçə məqam var. Birinci məqam tədbirlərin effektiv olmasıdır. İkinci məqam ondan ibarət olmalıdır ki, tədbirlər iqtisadi sistemin çökməsinin qarşısını almalıdır. Üçüncü məqam isə tədbirlərin humanist və ədalətli olmasıdır. Bu cəhətdən baxanda birmənalı olaraq Qərbi Avropa ölkələrinin, xüsusilə Almaniya, Belçika, Danimarka, Hollandiya, eləcə də Fransa kimi ölkələrin aldığı tədbirlər çox effektiv və humanistdir.

Göründüyü qədəri ilə iqtisadi mühiti qorumağa hesablanmış addımlardır. Amma bunu bacarmayan ölkələr də var. Məsələn, qonşu İran bunu hələ də bacarmır və hazırda ölkədə virusun ikinci dalğası başlayıb. Baxmayaraq ki, Türkiyə çox riskli hərəkətlər etdi, indi kifayət qədər effektiv nəticələr almağa başlayır kimi görünür. Amma bunu demək hələ çox tezdir. Buna görə də, virusla mübarizədə Qərbi Avropa modelini məsləhət görərdim.

Çünki onlar həm tələfatı, həm də yoluxmanı ciddi şəkildə azaltdılar, insanların da sərbəst şəkildə gəzməsinə imkan yaratdılar. Amma bunların heç biri əlini-qolunu sallayaraq gəzmək mənasını daşımır, söhbət xüsusi rejimlə sərbəst hərəkətdən gedir. Məncə, bunu bizim insanlara onların inandığı fərdlər anladarsa və israrla deyərsə, bəlkə də bunda effekt alardıq. Hazırda görünən odur ki, nə vəziyyət insanlara doğru-dürüst başa salınıb, nə də insanlar bu işə əməl etmək niyyətidədirlər.

- Cəmiyyətdə virusa baxış birmənalı deyil. Pandemiyaya inananlar da var, əksini düşünənlər də... Sizcə, buna səbəb nədir?

- Kənardan müdaxilə olmasa və insanlar tam azad şəkildə fikir formalaşdırsalar inamsızlıq daha az olardı. Çünki istənilən hadisəyə inanmayan qrup hər zaman çıxıb. Hətta Amerikada hər şeyin canlı yayımda olmasına baxmayaraq, amerikalıların Aya çıxmasına şübhə ilə yanaşan insanlar var. İkinci bir qrup daha var, virus və onun ətrafında yaranmış vəziyyət müəyyən insanların şəxsi maraqlarına çox ciddi mənfi təsir göstərir.

Bu insanlar da daha çox inanmağa doğru istiqamətləniblər. Hadisələr tərəzinin gözü kimidir, hansı ağır gələrsə, işlər də o şəkildə gedir. Artıq insanların ətrafında xəstələnən, yoluxan, hətta vəfat edənlərin sayının artdığını görüncə, inanmayan insanların sayının gedərək azaldığını müşahidə edirik.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər