14-15 iyun tarixlərində 9 şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejimində yalnız Operativ Qərargahın qaydalarına uyğun olaraq işləyən şəxslər icaze.gov.az portalında qeydiyyatdan keçməklə fəaliyyət göstərə biləcəklər.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Ötən həftə qeydiyyatdan keçənlər bu icazə müddətini uzada bilərlər. Bu günə qədər icazə ilə bağlı 210 minə yaxın müraciət daxil olunub. İcazə alan əməkdaş və mənsub olduğu təşkilat Operativ Qərargahın tələblərinə uyğun gəlmirsə, onun icazəsi ləğv ediləcək. Bu səbəbdən təşkilatları diqqətli olmağa çağırırıq" .
O qeyd edib ki, dializ xəstələrinin xəstəxanalara aparılması üçün 108 çağrı mərkəzi xidmət göstərəcək: "Xəstələrin tibb müəssisələriə çatdırılmasına xüsusi nəqliyyat vasitələri və könüllülərimiz kömək edəcək. Bunun üçün TƏBİB-dən 102 nəfərdən ibarət siyahını almışıq. Hər biri ilə əvvəlcədən əlaqə saxlamışıq".
Ülvi Mehdiyev bildirib ki, şəxsi avtomobili olanlar öz maşınlarından istifadə edərək xəstəxanaya gedə biləcək: "Avtomobili olmayanların ASAN xidmət tərəfindən tibb müəssisələrinə çatdırılması və evə gətirilməsi mümkün olacaq".